Prezident İlham Əliyev Cövdət Hacıyevin və Tofiq Quliyevin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb

Prezident İlham Əliyev Cövdət Hacıyevin və Tofiq Quliyevin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb Tədbirlər planının həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb
Mədəniyyət siyasəti
7 Fevral , 2017 18:07
Prezident İlham Əliyev Cövdət Hacıyevin və Tofiq Quliyevin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb

Bakı. 7 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin anadan olmasının 100 illiyi tamam olur. Milli simfonizmin banilərindən biri Cövdət Hacıyev Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnib. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.

Dövlət başçısı həmçinin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında da sərəncam imzalayıb. sənədə əsasən, Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan estrada musiqisinin yaradıcılarından biri Tofiq Quliyev özünəməxsus orijinal üsluba malik sənətkar kimi çoxəsrlik milli mədəniyyət salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Onun xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarında bu gün də geniş yer tutan ayrı-ayrı janrlardakı rəngarəng əsərləri insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır.

Son xəbərlər

Orphus sistemi