Praqada “Azərbaycan - Möcüzəli Odlar Yurdu” adlı sərginin təntənəli açılış mərasimi keçirilib

Praqada “Azərbaycan - Möcüzəli Odlar Yurdu” adlı sərginin təntənəli açılış mərasimi keçirilib Tədbir AMEA-nın Tarix Muzeyi və Çexiya Respublikasının Milli Muzeyinin təşkilatçılığı və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə baş tutub
Mədəniyyət siyasəti
28 Noyabr , 2014 09:43
Praqada “Azərbaycan - Möcüzəli Odlar Yurdu” adlı sərginin təntənəli açılış mərasimi keçirilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Praqadakı Çexiya Milli Muzeyinin binasında “Azərbaycan - Möcüzəli Odlar Yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərginin təntənəli açılış mərasimi olub. "Report"un məlumatına görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyi və Çexiya Respublikasının Milli Muzeyinin təşkilatçılığı və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə keçirilib.

Açılış mərasimində Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin direktoru akademik Nailə xanım Vəlixanlı və Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev çıxış edərək, mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını qeyd edib.

Tədbirdə Çexiya Respublikasının Xarici İşlər, Mədəniyyət nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, habelə Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, çex ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi çıxışlar bölməsi bitdikdən sonra səfirliyin diplomatları Nigar Əfəndiyeva və Tural Gəncəliyev Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Sənsiz” musiqi əsərini tar və fortepiano ilə canlı ifa ediblər. Eyni zamanda, tədbir iştirakçıları üçün Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət  verilib.

Sərginin keçirildiyi binanın müxtəlif zallarında Azərbaycanın qədim, zəngin tarixi və mədəniyyətinə aid eksponatlar, milli musiqi alətləri, geyim və zinət əşyaları, arxeoloji tapıntılar, habelə qədim pul əsginazları və digər dəyərli əşyalar nümayiş etdirilib.

Sərgiyə gələn iştirakçılar üçün Azərbaycanın mədəniyyəti və tarixi haqqında müxtəlif nəşrlər, o cümlədən çex dilində nəşr edilmiş “İrs” jurnalı və digər məlumat kitabçaları və broşürlər paylanılıb.

Son xəbərlər

Orphus sistemi