Polad Bülbüloğlu: "Azərbaycan xalçaları dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur"

Polad Bülbüloğlu: "Azərbaycan xalçaları dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur" Moskva şəhərində “Azərbaycan xalçaları “Caspian” sahilində” Azərbaycan milli gecəsində “Azərxalça” öz məhsullarını Rusiya tamaşaçısına təqdim edib.
Mədəniyyət siyasəti
15 Dekabr , 2021 11:54
Polad Bülbüloğlu: Azərbaycan xalçaları dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur

"Azərbaycan xalçaları dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur".

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Azərxalça” ASC məhsullarının Rusiyanın paytaxtı Moskvada təşkil olunmuş Azərbaycan gecəsində təqdimatı zamanı deyib.

O bildirib ki, iki ölkə arasında möhkəm mədəni əlaqələr mövcuddur: “Xalça Azərbaycanın milli sərvətidir. Azərbaycanlı xanımlar əsrlər boyu İrandan tutmuş Qafqazadək geniş ərazilərdə xalça toxuyublar. Azərbaycan xalçaları bu gün Londondakı Viktoriya və Albert Muzeyindən tutmuş şəxsi kolleksiyalaradək dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur”.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Emin Məmmədov ölkəmizdə xalçaçılıq sənətinin tarixindən, dövlətimizin bu sənətə göstərdiyi dəstəkdən danışıb, respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edildiyini xatırladıb: “Biz də “Azərxalça” olaraq klassik xalçaçılıq sənətimizin ənənələrini yaşatmağa, yeni-yeni istiqamətlər tətbiq etməyə çalışırıq. Qədim xalçalar əsasında müasir, yeni dizayna malik məhsullar ərsəyə gətirmək üçün konseptual rəssamları cəlb edirik”.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfirliyinin, Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin, “Azərxalça” ASC-nin, “Detali” dizayn məktəbinin təşkilatçılığı ilə keçirilən gecədə ümumilikdə həm klassik, həm də modern xalça kolleksiyalarından ibarət 56 xalça təqdim edilib. Xüsusi gecədə Rusiyanın tanınmış 50 dizayneri iştirak edib.

Tədbirin rəsmi hissəsi Azərbaycan xalçalarından ibarət ümumi sərgi, “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat, Azərbaycan xalçalarının toxunma prosesini izah edən master-klassdan ibarət olub. Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları, milli şərabları və Azərbaycandan xüsusi dəvət olunmuş sənətçilər – Riad Məmmədov və Aslan Əhmədovun ifasında konsert proqramı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi