Yuxarı

Parisdə YUNESKO-nun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı keçirilib

Əbülfəs Qarayev forumda çıxış edib

Bakı. 23 aprel. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə YUNESKO-nun İcraiyyə Şurası çərçivəsində Bakı Prosesi və üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı keçirilib. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti yayıb.

Təqdimatı açan şuranın sədri səfir Məhəmməd Əmr Azərbaycanın təşəbbüsünün dünyada sülh və əməkdaşlığa xidmət etdiyini deyib.

YUNESKO -nun baş direktoru İrina Bokova müasir qlobal proseslər, rəhbərlik etdiyi təşkilatın mədəniyyətlər və dinlərarası dialoqa töhfələrini qeyd edərək Azərbaycanın təşəbbüsünün belə məsələlərdə olduqca əhəmiyyətli olduğunu və YUNESKO-nun forumla tərəfdaşlığının davam edəcəyini ifadə edib.

İ.Bokova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinə toxunaraq, onun fəaliyyətinin də YUNESKO-nun məqsəd və prinsiplərinə böyük dəstək olduğunu vurğulayıb.

Forumda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı prosesi və forumun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dünya mədəniyyətləri arasında dialoq və anlaşmanı təşviq etmək məqsədilə irəli sürülən təşəbbüs olduğunu, ölkəmizin belə məsələlərdə körpü rolu oynadığını, xalqımızın multikultural tərkibli zəngin mehriban birgəyaşama ənənlərinə sahib olduğunu və bu kimi ənənələrimizin dünya ictimaiyyəti ilə bölüşmək istədiyimizi diqqətə çatdırıb.

Xatırladaq ki, Mədəniyyətlərarası dialoq üzrə III Dünya Forumu mayın 18-19-da Bakıda keçiriləcək. Forumun əsas mövzusu "2015-ci ildən sonrakı inkişaf gündəliyində mədəniyyət və davamlı inkişaf" olacaq. Müzakirələr ilk növbədə BMT Baş Assambleyası tərəfindən elan olunan 21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr olunan layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin buradakı rolu ətrafında aparılacaq.

Forum Azərbaycan Prezidentinin hamiliyi ilə UNESCO, BMT Mədəniyyətlər Alyansı, BMT Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi təşkilatlarla birgə keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi