Yuxarı

Parisdə “Münaqişə vəziyyətində qadın hüquqları: Azərbaycan qadınlarının timsalında” məruzəsinin təqdimatı olub

Məruzənin müəllifləri qaçqın və məcburi köçkünlərin 70 faizinin qadınlar olduğunu bildiriblər.

Bakı. 20 oktyabr. REPORT.AZ/ Oktyabrın 20-də Parisdə, Avropa Parlamentinin informasiya bürosunda Belçika Senatının fəxri spikeri Ann-Mari Lizinin, MEVA qadın hüquqları qeyri-hökumət təşkilatının baş katibi Patrisiya Lalondun və münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şodenin birgə tərtib etdikləri “Münaqişə vəziyyətində qadın hüquqları: Azərbaycan qadınlarının timsalında” adlı məruzənin təqdimatı keçirilib.

Ann-Mari Lizinin rəhbərliyi ilə bu məruzənin tərtib edilməsində məqsəd Avropa ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin nəticələri, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, eləcə də bu problemin əsas qurbanları olan qadınların vəziyyəti haqqında ətraflı məlumatlandırmaqdır.

Məruzənin müəllifləri aparılan ciddi tədqiqatlar nəticəsində qaçqın və məcburi köçkünlərin 70 faizinin qadınlar olduğunu bildikdən sonra bu mövzuya daha həssaslıqla yanaşıblar. Onlar Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasından ehtiyatlanaraq beynəlxalq ictimaiyyətin diqqətini bu problemin həlli yollarının tapılmasına cəlb etmək istəyirlər.

MEVA təşkilatının baş katibi Patrisiya Lalond və münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şoden məruzənin hazırlanmasından, münaqişə qurbanları ilə görüşlərindən danışıblar. Onlar Dağlıq Qarabağ münaqişəsinin tarixi, qaçqın və məcburi köçkün qadınların üzləşdiyi problemlər, onların həyat şəraiti, hökumətin göstərdiyi qayğı haqqında məlumat veriblər.

Müəlliflər bu münaqişə nəticəsində yüzlərlə insanın əsir götürüldüyünü, 4 mindən artıq şəxsin (253 qadın və 60 uşağın) itkin düşdüyünü və bu günədək onlardan heç bir xəbər olmadığını bildiriblər.

Sonda keçirilən müzakirələr zamanı Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti, rəsmi Yerevanın beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də bir çox beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə riayət etməməsindən danışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi