Yuxarı
    Bağlamaq

    Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub

    Tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutub

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Sentyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

    "Report" xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

    Paytaxt Parisdə, Eyfel qülləsinin yanındakı Jofr meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasiminə, həmçinin Fransanın tanınmış ictimai-siyasi xadimləri qatılıblar.

    Tədbirin aparıcısı “Azərbaycan şəhərciyi”nin böyük maraqla qarşılandığını bildirib.

    “Azərbaycan şəhərciyi”nin açıldığı Parisin 7-ci rayonunun meri Raşida Dati mərasimdə çıxış edib. Mer bu şəhərciyin məhz onun rəhbərlik etdiyi rayonda açılmasından məmnunluğunu bildirib.

    Bu şəhərcik vasitəsi ilə fransızların ölkəmiz haqqında daha çox məlumat əldə edəcəklərinə ümidvar olduğunu deyən Raşida Dati Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, ölkələrimiz arasındakı münasibətlərin inkişafına Heydər Əliyev Fondunun töhfəsindən, Azərbaycanın qədim tarixə malik müasir ölkə olmasından danışıb.

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.

    Sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel çıxış edərək vurğulayıb ki, bu tədbir bütün Paris sakinlərinin diqqətini cəlb edib. Jan Fransua Mansel Azərbaycanın bütün dünya üçün tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, birgəyaşayışın Azərbaycan modeli Fransada da geniş yayılmalıdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini də vacib saydığını qeyd edib.

    “Azərbaycan mətbəx mədəniyyəti” kitabının müəllifi Fransada yaşayan tanınmış amerikalı fotoqraf Peter Lippmann çıxış edərək nəşrin ərsəyə gəlməsindən danışıb.

    Sonra “Azərbaycan şəhərciyi” ilə tanışlıq olub. Şəhərçikdə təşkil olunan xalq sənətkarlıq emalatxanalarında xalçaçılıq, misgərlik və şəbəkə, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olmaq mümkündür.

    Şəhərcikdə daha bir yenilik isə “Uşaq zonası”dır. Kukla teatrı, emalatxana və istirahət zonasından ibarət hissədə xalq nağılları əsasında kuklalarla qurulmuş səhnəciklər göstərilir.

    Muzey bölməsində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, milli geyimlər, musiqi alətləri, xalçalarımız və digər sənət nümunələri sərgilənir.

    “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” bölməsində Mərkəzin yetirmələri tərəfindən yaradılmış əsərlər-batika, keramika, zərgərlik və taxta üzərində oyma nümayiş olunur.

    Şəhərçiyin kitabxana zonasında Heydər Əliyev Fondunun ölkəmiz, o cümlədən xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, tarixi, Azərbaycan həqiqətləri barədə geniş və dolğun məlumatların əks olunduğu müxtəlif nəşrləri nümayiş etdirilir və qonaqlara hədiyyə olunur.

    Şəhərçiyin sərgi bölməsində “Partizanın izi ilə” sərgisi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub.

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovla görüşdü. Cavanşir Cəbrayılov atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

    “Bir günəş altında” layihəsi çərçivəsində açılan sərgidə isə Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan fotolar, eləcə də eyniadlı film nümayiş olunur. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib və burada 20 azsaylı xalqın tarixi, mədəniyyəti və adət-ənənələri təqdim edilir.

    “Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozyenin hər iki şəhərin mənzərələrini, abidələrini, gündəlik həyatını əks etdirən fotoları təqdim olunur. Fransız fotoqraflar Gəncə və Qəbələdə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənələrini fotokameralarının yaddaşına həkk ediblər.

    Şəhərçikdə ilk dəfə olaraq həm də “Turizm Mərkəzi” layihəsi təqdim olunur. Burada Azərbaycanın turizm bölgələri və marşrutları barədə ətraflı məlumat verilir.

    Tədbir çərçivəsində Heydər Əliyev Fondunun daha bir yeni nəşri - “Azərbaycan mətbəx mədəniyyəti” adlı kitabının təqdimatı da olub. Nəşrdə xalqımızın zəngin mətbəx mədəniyyəti barədə ətraflı məlumat verilir.

    Bu dəfə “Azərbaycan şəhərciyi”ndə ilk dəfə olaraq “Qız qalası” beynəlxalq incəsənət festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilir. Bu dəfə 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan “Qız qalası” maketləri sərgilənir.

    Şəhərcikdə qonaqlara Azərbaycanın ilk rəsmi hədiyyə və suvenir brendi olan “I Love Baku” stendi də təqdim edilir.

    Burada, həmçinin Fransada Azərbaycanın Dostları Assosiasiyası da təqdim olunur.

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Assosiasiyasının xatirə kitabına ürək sözlərini yazıb.

    Azərbaycan mətbəxinin təbliğ olunduğu hissə də böyük maraqla qarşılanır. Burada milli mətbəximizin təamlarının hazırlanması nümayiş olunur.

    Azərbaycan Dövlət rəqs ansamblının çıxışı böyük maraqla qarşılanıb.

    Şəhərcikdə fəaliyyət göstərən restoranda isə Azərbaycan milli mətbəxinin bir-birindən dadlı təamları təqdim edilir.

    Şəhərcikdəki qida məhsulları yarmarkası böyük maraqla qarşılanır. Burada Azərbaycanda müxtəlif qida məhsulları istehsalçılarının məhsulları təqdim olunur.

    Şəhərcikdə İçərişəhərin maketi də qoyulub. Bu maket sərgi iştirakçılarına İçərişəhərlə vizual tanış olmağa şərait yaradır.

    Qeyd edək ki, 2014-cü ildən etibarən artıq üçüncü ildir reallaşdırılan bu layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə “Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib. Sentyabrın 17-dən fəaliyyətə başlayan “Azərbaycan şəhərciyi” sentyabrın 25-dək davam edəcək.

    Sonra Azərbaycanın birinci xanımının adından tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. Tədbirdə çıxış edən Mehriban Əliyeva Parisdə yenidən görüşməyə şad olduğunu bildirib. Qeyd edib ki, Fransa paytaxtında Azərbaycan şəhərciyinin açılışı Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi