Yuxarı

Pakistanın baş nazirinin xanımı “Sehrli ilmələr” qalereyasında olub

Qonaq xalçaçı qızların işini izləyib, orijinal kompozisiyalı xalçaya ilmələrin vurulmasına baxıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri çərçivəsində onun xanımı Kalsum Nəvaz Şərif oktyabrın 14-də “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətin “Sehrli ilmələr” qalereyasında olub.

"Report" xəbər verir ki, “Azərilmə”də xanım Kalsum Nəvaz Şərifə Azərbaycan xalqının ən qədim sənətlərindən biri olan xalçaçılıq haqqında məlumat verilib.

Qonaq xalçaçı qızların işini izləyib, orijinal kompozisiyalı xalçaya ilmələrin vurulmasına baxıb.

Xanım Kalsum Nəvaz Şərifə məlumat verilib ki, rəngbərəng ilmələrdən toxunan zərif, bənzərsiz naxışlarla bəzədilən xalçalar əsrlər boyu dünya miqyasında ulu keçmişimizi, təkrarsız mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil edib. Bakı ilə yanaşı, regionlarda sexləri olan bu müəssisənin məhsulları bir çox ölkələrdə keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. “Azərilmə”nin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini dirçəltmək və inkişaf etdirməkdir. Bu, həm istehsal, həm də elmi-tədqiqat müəssisəsidir.

Qonaq toxunan xalçaya ilmə də vurub.

Pakistanın baş nazirinin xanımı, həmçinin Xalçaçılıq Tədris Mərkəzində olub.

2013-cü ildə yaradılan bu mərkəzdə müxtəlif yaşlı tələbələr xalçaçılığın sirlərinə yiyələnir, sonradan isə “Azərilmə”nin sexində öz biliklərini reallaşdıra bilirlər. Burada qonaq xatirə kitabına ürək sözlərini yazıb.

Xanım Kalsum Nəvaz Şərif “Azərilmə”nin qədim xalçalar qalereyasına da baş çəkib.

Burada Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə - Bakı, Şirvan, Quba, Qazax-Borçalı, Gəncə, Naxçıvan, Qarabağ, Təbriz və İrəvan məktəblərinə aid xalçalar saxlanılır. Bu xalçalar XVIII əsrin əvvəlindən XX əsrin əvvəlinədək olan dövrü əhatə edir.

Pakistanın baş nazirinin xanımı çay süfrəsinə qonaq olub.

Xanım Kalsum Nəvaz Şərifə xatirə hədiyyəsi təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi