Yuxarı
    Bağlamaq

    Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib

    Bu barədə qərar YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin Əddis-Əbabada keçirilən iclasında qəbul edilib

    Bakı. 30 noyabr. REPORT.AZ/ Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib.

    "Report" YUNESKO-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə qərar YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin bu gün Əddis-Əbabada keçirilən iclasında qəbul edilib.

    Qeyd edək ki, müvafiq müraciət bir neçə dövlət - Azərbaycan, Əfqanıstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan tərəfindən edilib.

    YUNESKO-nun arayışında bəzi ölkələrdə Novruz, Naurız, Navruz və Nooruz kimi də adlanan bu bayramın "yeni gün" mənası verdiyi və özündə çoxsaylı mərasimlər, ayinlər, və digər tədbirlər ehtiva etdiyi göstərilir.

    "Bütün ailə üzvlərinin təmizlik, parlaqlıq, firavanlıq və var-dövlət rəmzi olan əşyalarla bəzədilmiş masa ətrafında toplaşması və dostlarla və yaxınlarla birgə hazırlanmış yeməklərdən zövq alması vacib ənənədir. Bu təcrübələr mədəni müxtəlifliyi və tolerantlığı dəstəkləyir, ictimai həmrəylik və sülhün formalaşmasına töhfə verir", - YUNESKO qeyd edir.

    Xatırladaq ki, Novruz bayramı, həmçinin 2009-cu ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. O vaxt müvafiq müraciəti daha az ölkə - Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə və Özbəkistan etmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi