Nazir: "Bədxah qonşularımız hər fürsətdə milli mətbəximizə təcavüz edir"

Nazir: "Bədxah qonşularımız hər fürsətdə milli mətbəximizə təcavüz edir" Əbülfəs Qarayev: "Gördüyümüz işlərlə onlara layiqli cavab veririk"
Mədəniyyət siyasəti
4 May , 2016 14:03
Nazir: Bədxah qonşularımız hər fürsətdə milli mətbəximizə təcavüz edir

Bakı. 4 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə AMKM-in 25 illiyinə həsr edilən tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mətbəxinin qədim tarixindən, ənənələrindən danışıb.

Nazir bildirib ki, Azərbaycan mədəniyyəti yalnız incəsənət, milli xalçalar və musiqidən ibarət deyil: "Milli mətbəximiz Azərbaycan mədəniyyətinin əsas parçasıdır. Xalq nə qədər zəngin olsa, onun mədəniyyəti, mətbəxi də bir o qədər zəngin olur. Azərbaycan mətbəxinin ən gözəl nümunələri bizim milli sərvətimizdir. Bədxah qonşularımız hər fürsətdə milli mətbəximizə təcavüz edir. Amma onlara gördüyümüz işlərlə layiqli cavab veririk. Azərbaycanın milli mətbəxinə, mətbəx mədəniyyətinə sahib çıxmalı, onu dünyada təbliğ etdirməliyik".

Milli Kulinariya Mərkəzinin rəhbəri, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov deyib ki, Azərbaycan mətbəxi dünyada tanınır: "Biz 25 il əvvəl mərkəzi yaradanda çoxları deyirdi ki, indiki vaxta belə mərkəzin yaradılması bizə lazımdırdırmı? İndi buna nə ehtiyac var? Amma illər sübut etdi ki, Azərbaycanın milli mətbəx ənənələrini qoruyub saxlamaq üçün kulinariyanı, milli mətbəx nümunələrini inkişaf etdirmək lazımdır".

Milli Kulinariya Mərkəzinin 25 ildə gördüyü işlərdən danışan və gələcək planlarını açıqlayan T.Əmiraslanov milli mətbəximizi dünyada şərəflə təmsil etdiklərini vurğulayıb: "Milli Kulinariya kubokunu Azərbaycana gətirmişik. Dəfələrlə müxtəlif müsabiqələrdə qalib olmuşuq, bədnam qonşularımızın milli mətbəximizə etdiyi hücumları hər zaman dəf etmişik. Avropa Şurasında Azərbaycan mətbəxi ilə bağlı kitab dərc etmişik. Amma görəcəyimiz işlər, qarşımıza qoyduğumuz hədəflər çoxdur. Mənim ən böyük arzum və niyyətim odur ki, Azərbaycanı dünyanın kulinariya paytaxtına çevirək".

Son xəbərlər

Orphus sistemi