Nazir: "Azərbaycanla Misirin mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirməsi üçün böyük imkanlar var"

Nazir: "Azərbaycanla Misirin mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirməsi üçün böyük imkanlar var" Bakı. 14 noyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Misirin Cənubi Sinay Vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mədəniyyət siyasəti
14 Noyabr , 2017 18:48
Nazir: Azərbaycanla Misirin mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirməsi üçün böyük imkanlar var

Bakı. 14 noyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Misirin Cənubi Sinay Vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Ə.Qarayev bildirib ki, iki ölkə arasında mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir. 

Nazirin sözlərinə görə, mədəniyyət və turizm sahələrində də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var: “Azərbaycanla Misir arasında mədəni əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirilib. O cümlədən qarşılıqlı mədəniyyət günləri təşkil olunub. Bizim vətəndaşların Misir mədəniyyətinə xüsusi marağı var”.

Ə.Qarayev son illər ölkədə turizm sənayesində həyata keçirilən işlər haqqında danışıb. O qeyd edib ki, zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına zəmin yaradır: “İndi biz ölkəmizə daha çox xarici turistlərin cəlb olunmasına çalışırıq. Bu baxımdan böyük turizm potensialı olan Misirlə qarşılıqlı turist səfərlərinin artırılması üçün imkanlarımızdan daha səmərəli istifadə etməliyik. Bunun üçün qarşılıqlı infoturların, tanıtım layihələrinin icra olunması vacibdir. Həmçinin birbaşa aviareyslərin açılması da qarşılıqlı səfərlərin inkişafına təkan verə bilər”.

Nazir turistlərin təhlükəsizliyinin xüsusi diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Həmçinin gələn ilin aprel ayında ölkəmizdə keçiriləcək Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (AİTF 2018) Misirin turizm təşkilatlarını və şirkətlərini fəal iştirak etməyə dəvət edib.

Misirli qubernator Xalid Fuda iki ölkə arasında əlaqələrin daha da yüksəldilməsinin vacibliyini bildirib. Qonaq mövcud əməkdaşlığın və dost münasibətlərin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. O, qarşılıqlı turist səfərlərinin artırılması üçün əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb. Qubernator Azərbaycan turistlərinin dünyanın məşhur turizm mərkəzlərindən sayılan Şarm Əl-Şeyxdə, eyni zamanda misirli turistlərin Azərbaycanda istirahətini daha rahat təşkil etmək məqsədilə birbaşa reysin açılmasının fayda verəcəyini vurğulayıb. Birbaşa hava əlaqəsinin Misirlə Azərbaycan arasında nəinki turizm, eləcə də siyasi və iqtisadi münasibətlərin genişlənməsi baxımından əhəmiyyətli olacağı bildirib.

Xalid Fuda ölkəsinin Cənubi Sinay Vilayətinə gələn turistlərin təhlükəsizliyi üçün təminat verərək bildirdi ki, bu regionda sabitlik hökm sürür və turistlərin həyatı üçün heç bir təhlükə yoxdur. Qonaq qarşıdakı illərdə əlaqələrin daha da güclənəcəyinə inandığını deyib.

Görüşdə Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Syuzan Cəmil Nuh, səfirliyin ikinci katibi Hossam Başaryi Ali, Misirin Bakıdakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi və digərləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi