İlk nömrənin baş qəhrəmanı Gürcüstanın birinci xanımı Maka Çiçya olub
Bakı. 22 dekabr. REPORT.AZ/ Gürcüstanda "Nargis" jurnalının gürcü dilində nəşr edilən variantı çapdan çıxıb.
"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ilk nömrənin baş qəhrəmanı Gürcüstanın birinci xanımı Maka Çiçya olub.
Gürcüstanda "Nargis" adı ilə nəşr edilən jurnalın baş redaktoru "Tbilisi Moda həftəsi"nin təşkilatçısı və modeli Tako Çxeidzedir.
Baş redaktor jurnalın bədii tərtibatına xüsusi önəm verdiyini deyib. Gürcüstanın birinci xanımının foto-sessiyasını Quram Çibaxaşvili edib.
Jurnalda moda və dəb dünyasından olan xəbərlər, "Mədəniyyət", "Sima", "Sağlamlıq və gözəllik", "Həyat tərzi" rubrikaları yer alıb.
Bundan başqa, jurnalın səhifələrində incəsənət, heykəltəraşlıq, ədəbiyyat, teatr, kino sahələrindən olan sənətkarlara xüsusi diqqət ayrılacaq. Jurnal 7 lariyə satılacaq.
Qeyd edək ki, Gürcüstanda nəşr edilən "Nargis" jurnalı Azərbaycanda 2013-cü ildən dərc edilən eyniadlı jurnalın gürcü variantıdır. "Nargis" jurnalının Azərbaycanda nəşr edilən ilk nömrəsi birinci xanım Mehriban Əliyevaya həsr edilmişdi.