“Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı başlayıb

“Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı başlayıb Tədbirdə Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət oxunub
Mədəniyyət siyasəti
7 Noyabr , 2016 12:17
“Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı başlayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı başlayıb. “Report”un məlumatına görə, konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak ediblər.

Konfrans iştirakçıları Musiqili Teatrın foyesində ötən illərdəki beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi ilə tanış olublar.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətini oxuyub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açıb. O bildirib ki, konfransın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının müzakirə edilməsi üçün platforma yaratmaqdır: "Belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. Bu gün Azərbaycan həm də tolerantlıq və multikultural ənənələri ilə tanınan ölkədir. Respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri öz ana dillərində danışır və mədəniyyətlərini inkişaf etdirirlər. “Multikulturalizm ili” teatr səhnəsinin təcəssümündə də öz əksini tapıb.

Nazir deyib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi təkcə ölkəmizdə deyil, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoyub. 

“O vaxtdan düz 144 il keçir. Bu zaman kəsiyi ərzində Azərbaycan teatrının siması və statusu dəyişir, bədii axtarışları, yaradıcılıq yönümü kamilləşir. Milli teatr sənətinin təkamülündə müstəsna xidmətləri olan görkəmli sənət fədailəri - aktyor və rejissor nəsli yetişir, repertuar siyasəti formalaşır. Beləliklə də teatr Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməyə başlayır. Azərbaycan dövlətinin teatr sənətinə xüsusi qayğı və diqqəti nəticəsində çox keçmədən yeni təsisatlar meydana gəlir, fərqli janr istiqamətinə malik olan səhnə ocaqları yaradılır”, - deyə nazir vurğulayıb.

Konfransın əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, tədbirdə Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, ASSITEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNIMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunur.

Konfrans işini plenar iclaslarla davam etdirib.

Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə reallaşan konfrans noyabrın 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi