Moskva. 1 noyabr. REPORT.AZ/ Rusiya Rəssamlıq Akademiyasının rəsm qalereyasında azərbaycanlı rəssam İrina Eldarovanın "Qızlar neftçilərə üstünlük verirlər" adlı fərdi sərgisi açılıb.
"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, keçmiş Moskva sakini olan İ.Eldarova öz yaradıcılığında diqqəti neft Bakısına yönəldir, sərt neftçilərlə həssas qızların şəkillərini bir arada əks etdirir. İ.Eldarova sərgidəki əsərləri amerikalı aktrisa Merilin Monro və onun "Cazda yalnız qızlardır" filmindəki rolundan ilham alaraq yaradıb.
Qeyd edək ki, Repin adına Dövlət Akademiyasının (1975-79-cu illər) və Surikov adına Dövlət İnstitutunun (1980-82-ci illər) məzunu olan xanım rəssam Moskvada dünyaya gəlib. Məşhur memar Ömər Eldarovun oğlu, mərhum rəssam Müslüm Eldarov ilə evləndikdən sonra o, Bakıya köçüb və arıtq 30 ildir Azərbaycanda yaşayır.
Sərginin açılışında Moskvanın yaradıcı ziyalılarının, Azərbaycan diasporunun və Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.