Yuxarı

Milli Teatr Günündə "Zirvə" mükafatının təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət Musiqili Teatrında “Zirvə” mükafatının növbəti təqdimolunma mərasimi keçirilib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda peşəkar milli teatrın yaranmasından 142 il ötür. "Report" xəbər verir ki, bu münasibətlə Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatının növbəti təqdimolunma mərasimi keçirilib.

Təqdimatdan əvvəl Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və nazir müavini Ədalət Vəliyev teatrın foyesində təşkil olunan fotostendlərlə tanış olublar.

Daha sonra tədbiri açıq elan edən Ə.Qarayev, teatr xadimlərini bayram münasibətilə təbrik edib, milli teatrımızın 142 illik şərəfli sənət səlnaməsindən danışıb.

Nazir bildirdi ki, Ümummilli lider Heydər Əliyevin milli teatrımıza göstərdiyi diqqət və qayğı bu gün də davam etdirilir. Teatrı "cəmiyyətin aynası" adlandıran Ə.Qarayev vurğulayıb ki, bu gün teatrımız inkişaf edir və dünya teatr aləmində öz yerini tutub.

Əbülfəs Qarayev milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq, qiymətləndirmək məqsədilə 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən “Zirvə” mükafatının 7 nominasiya üzrə il ərzində mədəniyyət sahəsində öz yaradıcılığı ilə fərqlənən istedadlı insanlara verildiyini söyləyib.

Sonra müxtəlif teatrların əməkdaşlarına “Fəxri mədəniyyət işçisi” döş nişanları təqdim edildi.

Döş nişanlarına layiq görülənlər arasında Dövlət Pantomim Teatrının aktyoru Dadaşev Ceyhun, Dövlət Milli Dram Teatrınının İşıq sexinin rəisi Həsənov Rəfael, Dövlət Milli Dram Teatrınının baş inzibatçısı Məmmədov Elnur, Musiqili Teatrın konsertmeysteri Dadaşev Zakir və digərlərinin adları sadalandı.

Daha sonra “Zirvə-2015” mükafatının təqdimatı olub.

“Milli sərvət” nominasiyasında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, “Musiqi” nominasiyasında xalq artisti Yalçın Adıgözəlov, “Kino” nominasiyasında “Nabat” bədii filminin yaradıcı qrupu, “Təsviri sənət” nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, “Debüt” nominasiyasında əməkdar artist Şövqi Hüseynov, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova mükafata layiq görülüblər.

"Teatr" nominasiyasında isə mukafat İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsərini səhnələşdirən Şəki Dövlət Dram Teatrına verildi.

Qaliblərə mükafatın rəmzi simvolu və diplomu verilib.

Mərasim boyu Azərbaycan Dövlət Pantomim Teatrının aktyorlarının ifasında təqdim edilən musiqi nömrələri maraqla qarşılanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi