Yuxarı
    Bağlamaq

    Mikayıl Müşfiqin heykəlinin bərpa olunması işlərinə başlanılıb

    Heykəlin yenidən həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən quraşdırılacağı yer müəyyən olunub

    Bakı. 1 mart. REPORT.AZ/ Mikayıl Müşfiqin abidəsinin söküldüyü əraziyə baxış keçirilib. 

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  

    Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, həmçinin mütəxəssislər heykəlin yenidən həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən quraşdırılacağı yeri müəyyən ediblər.

    Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsinin yolverilməz olduğunu bildirib: “Göründüyü kimi, heykəl olduğu ərazidən götürülüb. Ərazidə tikinti işləri gedir. Bu gün bura toplaşmağımızın da əsas məqsədi heykəlin yenidən bu ərazidə bərpa olunmasının ən qısa zamanda həyata keçirilməsini təmin etməkdir. Görkəmli şairimizin heykəli elə bu ərazidə, yaşayış binasına yaxın yerdə qoyulacaq. Ərazidə yaşıllaşdırma və abadlıq işləri də aparılacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Düşünürəm ki, təxminən bir ay müddətində heykəl yenidən burada ucaldılacaq”.

    Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə bildirib ki, görkəmli şairimizin heykəli müvafiq qanunvericiliyə uyğun olmayaraq aidiyyəti dövlət orqanına məlumat verilmədən götürülüb: “Bu, əlbəttə, yolverilməz bir hərəkətdir. Baxın, ətrafda yeni binalar tikilir, şəhərimiz gözəlləşir, eyni zamanda yol tikintisi aparılır. Bu, özü də vacib işlərdir. Amma quruculuq işləri həyata keçirilərkən hərtərəfli düşünülməli, müvafiq orqanlara məlumat verilməli, onların fikri öyrənilməli və bundan sonra düzgün qərar verilməlidir. Burada icra olunan iş üçün yalnız yolun lahiyəsi var. Amma layihədə abadlıq işlərinin görülməsi, heykəlin harada yerləşməsi, necə olacağı müəyyənləşməyib. Bizə təklif edirlər ki, qarşıda böyük meydan yaranıb, heykəl həmin meydanın ortasında qoyulsun. Bu ola bilməz. Heykəlin miqyası böyük olmadığına görə kiçik bağçada yerləşməlidir. Mən məsləhət gördüm ki, heykəl həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunsun”.

    Elbəy Qasımzadə bu gündən başlayaraq heykəlin bərpa olunması işlərinə başlandığını diqqətə çatdırıb.

    Qeyd edək ki, baş vermiş hadisə Mədəniyyət və Turizm Nazirliyinin ciddi nəzarətindədir. Nazirlik tərəfindən abidənin yenidən qısa zamanda bərpa olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Xatırladaq ki, M.Müşfiqin 1970-ci ildə qırmızı qranitdən hazırlanan heykəlinin müəllifi əməkdar rəssam Münəvvər Rzayevadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi