Bu yaxınlarda elə özünün yaratdığı Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri olan Tahir Əmiraslanovla məşhurluqda heç də ondan geri qalmayan rusiyalı kulinariya mütəxəssisi, teleaparıcı və videobloger Stalik Xankişiyev AzTV və RenTV-də birgə layihə hazırlayırlar.
T.Əmiraslanov “Report”a açıqlamasında bildirib ki, layihə Azərbaycan mətbəxinin təbliğinə yönəlib və nəticə çox maraqlı olacaq.
Onun sözlərinə görə, iki kulinariya mütəxəssisi ənənəvi reseptlər və xörək bişirmənin xarakterik üsulları, yerli əhalinin kulinariya vərdişlərinin xüsusiyyətləri barədə material toplamaq üçün Azərbaycanın bölgələrinə səfər edirlər. Toplanmış material birgə kitabın əsasını təşkil edəcək.
“Azərbaycan kimi kiçik ölkədə 4 mindən çox xörək növünü və onların müxtəlif çeşidlərini saymışıq, Cənubi Azərbaycanda isə onların sayı 40 mindən çoxdur. Bura azərbaycanlıların kompakt yaşadığı bölgələri də, məsələn, Dərbənd, Qars və s. əlavə edin, palitra daha da zənginləşəcək”, - T.Əmiraslanov bildirib.