Meksika Senatında təntənəli Novruz bayram mərasimi keçirilib

Meksika Senatında təntənəli Novruz bayram mərasimi keçirilib Səfirlər təmsil etdikləri ölkələrdə mövcud Novruz ənənələrindən bəhs edib
Mədəniyyət siyasəti
30 Mart , 2016 09:20
Meksika Senatında təntənəli Novruz bayram mərasimi keçirilib

Bakı. 30 mart. REPORT.AZ/ Meksika Senatında təntənəli Novruz bayram mərasimi keçirilib. Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Azərbaycan, Qazaxıstan, Türkiyə, İran, Pakistan, Gürcüstan və İraq səfirliklərinin birgə təşəbbüsü və Meksika Senatının təşkilati dəstəyi ilə keçirilmiş tədbirdə qeyd edilən səfirlikərin diplomatik heyəti, Meksika Senatının üzvləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri və dəvət edilmiş digər qonaqlar iştirak edib.

Tədbirin əvvəlində qeyd edilən ölkələrin səfirləri tərəfindən təntənəli zeytun-ağacəkmə və bu ağacın beynəlxalq Novruz günü münasibətilə Azərbaycan, Türkiyə, İran, İraq, Pakistan, Gürcüstan və Qazaxıstan xalqlarının Meksika Senatına hədiyyəsi olduğunu əks etdirən xatirə lövhəsinin açılş mərasimi keçirilib.

Mərasim iştirakçılarını salamlayan Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barron ölkədə mühüm qərarların qəbul edildiyi Meksika Senatında beynəlxalq Novruz günü münasibətilə əkilmiş bu ağac və xatirə lövhəsinin tədbirdə təmsil olunan xalqlar və Meksika parlamenti arasında dostluq və əməkdaşlığın rəmzi olduğunu söyləmiş, ölkəsinin sadiq olduğu beynəlxalq sülh və əməkdaşlığın Novruz kimi beynəlxalq mədəni dəyərlərə söykəndiyini diqqətə çatdırıb.

Daha sonra mərasim Meksika Senatının beynəlxalq konfrans zalında davam etdirilib.

Mərasimdə çıxış edən Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Mehriban Səmədova iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə ətraflı məlumat vermiş, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu diqqətə çatdırmış, ölkəmizin Novruz bayram ənənələrindən bəhs edib.

Həmçinin çıxış edən Türkiyə, İran, Pakistan, İraq, Qazaxıstan və Gürcüstan respublikalarının səfirləri Novruz bayramının dünya mədəniyyəti, beynəlxalq sülh və əməkdaşlığa töhfələri, habelə təmsil etdikləri ölkələrdə mövcud Novruz ənənələrindən bəhs edib.

Tədbirin yekununda Azərbaycan xalq və bayram musiqiləri səsləndirilib, iştirakçılara milli bayram xonçaları hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi