Yuxarı

​Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

Məqsəd Azərbaycanın turizm potensialını təbliğ etmək, bölgələrdə inkişaf etmiş turizm infrastruktu haqqında məlumatlar verməkdir

Bakı. 29 may. REPORT.AZ/ Bu gün iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Report"a verilən məlumata görə, məqsəd xarici KİV nümayəndələrinə Azərbaycanın turizm potensialını təbliğ etmək, bölgələrdə inkişaf etmiş turizm infrastruktu haqqında məlumatlar verməkdir. Həmçinin burada Azərbaycan incəsənətini təcəssüm etdirən xalq sənətkarlığı nümunələri, əl işləri, həmçinin Azərbaycan turizm və mədəniyyətinin təbliği məqsədilə müxtəlif dillərdə hazırlanmış reklam-çap məhsulları, buklet və broşurlar təqdim ediləcək.

Bu məqsədlə mərkəzin fəaliyyəti üçün ayrılmış ərazidə müvafiq stendlər, turizm təbliğatının əyani şəkildə aparılması üçün promo videoçarxların yayımlandığı monitorlar və bu kimi digər texniki avadanlıqlar quraşdırılıb. Ərazi həmçinin audio-bələdçi qulaqcıqları ilə təchiz edilib və 6 dildə təsvir olunan Azərbaycan turizm portalı - www.azerbaijan.travel touch-screen vasitəsilə xarici ziyarətçilərin xidmətinə verilib. Mərkəzdə eləcə də "Bakı Şəhər turu" haqqında geniş məlumat xarici media nümayəndələrinə təqdim edilir.

Eyni zamanda, Atletlər kəndində fəaliyyətə başlamış Mədəniyyət və Turizm Mərkəzində əlavə olaraq sərgilər təşkil olunacaq və burada ölkənin müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri, o cümlədən xalça, geyim və məişət əşyalarının nümayişi həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi