Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Almaniyaya ezam olunub

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Almaniyaya ezam olunub Səfər çərçivəsində eksponatlara baxış keçirilib
Mədəniyyət siyasəti
11 Fevral , 2015 23:06
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Almaniyaya ezam olunub

Bakı. 11 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən elmi-tədqiqat komissiyası yaradılıb. Komissiya üzvləri Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyinin fondlarında Azərbaycanın tunc dövrünü, xüsusilə də Xocalı-Gədəbəy mədəniyyətini əks etdirən 2600-dən çox eksponatın elmi cəhətdən tədqiq olunması ilə əlaqədar Almaniyaya ezam edilib.

"Report" xəbər veri ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Berlin muzeyinin arxeologiya şöbəsinin müdiri Manfred Navrot muzeyin Xocalı-Gədəbəyə aid kolleksiyası ilə komissiya üzvlərini tanış edib.

Bununla bağlı Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyi ilə qurulmuş əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın yanında görüş keçirilib.

Görüşdə nazirliyin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova, Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyinin arxeologiya şöbəsinin müdiri Manfred Navrot, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron arxeoloji ekspedisiyasının rəisi, arxivin müdiri İdris Əliyev iştirak edib.

Görüş zamanı Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyində və Almaniyada yerləşən digər muzeylərdə Azərbaycana aid eksponatların araşdırılması, eləcə də hər iki tərəfi təmsil edən alimlərdən və tədqiqatçılardan ibarət işçi qrupun yaradılması məsələsi müzakirə olunub. Həmçinin digər bir layihə - Amazonların tarixi və Qafqazda irsi adlı sərginin hazırlanması mövzusu ətrafında danışıqlar aparılıb.

Cənab Navrot bildirib ki, Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyinin direktoru professor Matthias Vemhoff Bakıya səfər etməyi planlaşdırır.

Nazir müavini Sevda Məmmədəliyeva cənab Vemhoffu 18-19 may tarixlərində keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib və səfər zamanı göstərilən məsələlərin müzakirəsini davam etdirmək məqsədilə ikitərəfli görüşlərin keçirilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi