Yuxarı

Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqəyə təqdim olunan layihələrin sayı açıqlanıb

Nazirlik Mingəçevirdə Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu mövzusunda zona müşavirəsi keçirib

Bakı. 29 may. REPORT.AZ/ Mingəçevirdə yerləşən Heydər Əliyev Mərkəzində "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" mövzusunda zona müşavirəsi keçirilib. "Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 17 şəhər və rayonda, o cümlədən Gəncə, Samux, Göygöl, Şəmkir, Qazax, Mingəçevir, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Yevlax, Zərdab, Ucar, Tərtər, Goranboy və Kürdəmirdə fəaliyyət göstərən 100-ə yaxın QHT nümayəndəsi və fəal gənclər, təhsil və mədəniyyət işçiləri iştirak edib. 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Nazirliyin QHT-lərlə iş sektorunun müdiri Rəşad Əliyev "QHT-lərlə əməkdaşlıq Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biri kimi", nazirliyin elm sektorunun müdiri Asif Usubəliyev "Mədəniyyətin inkişafında kreativlik və əməkdaşlıq", "Gələcəyə körpü" təşkilatının nümayəndəsi Cavid Kərimov "QHT-lərin dövlət qurumları ilə əməkdaşlıq istiqamətləri" mövzusunda məruzə ediblər. Məlumat verilib ki, nazirliyin strukturunda həyata keçirilən islahatlar nəticəsində sahə üçün mahiyyət etibarı ilə yeni sayıla biləcək istiqamət müəyyənləşdirilib ki, bu da mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lər ilə əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsindən ibarətdir.

Müşavirdə bildirilib ki, bu istiqamətdə müəyyən təhlillər və araşdırmalar aparılıb, eləcə də, Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilən "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası"nın icrasını təmin etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılıb və ilk müsabiqələr ilə bağlı elanlar verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci il üçün elan olunan müsabiqəyə qeyri-hökumət təşkilatları tərəfindən 86 layihə göndərilib. Artıq mədəniyyət sahəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi məqsədilə 2016-ci il üçün müsabiqə elanı da verilib və müsabiqəyə 95 layihə təqdim edilib. Hazırda qaliblərin seçilməsi üçün layihələrə Müsabiqə Komissiyasında baxılır. Həmçinin, Mədəniyyət və Turizm Nazirliyinin region QHT-ləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması planlaşdırıb.

Nazirliyin nümayəndələri layihələrin prioritet mövzuları, təqdimetmə qaydaları, formalaşmasında regionların xüsusiyyətlərinin nəzərə alınması, QHT-lərin nazirliklə münasibətlərini tənzimləyən qanunvericilik bazası barədə məlumat veriblər. Müşavirədə mədəniyyətin təbliği işində QHT potensialının təhlili, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış QHT-lərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilə biləcək dəstək və birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması, əməkdaşlıq formalarının müəyyən olunması, gənclərin QHT-lərdə fəallığının artırılması, mövcud istiqamətdə qanunvericilik bazası, eləcə də, QHT-lərin Mingəçevir və ətraf rayonlarda I Avropa Oyunlarının təbliği işinə cəlb edilməsi məsələləri müzakirə olunub.

Tədbirdə "Bakı-2015" ilk Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarında iştirak edəcək idmançıların, yarışları izləyəcək qonaqların, turistlərin Azərbaycandan xoş təəsüratlarla qayıtması üçün lazımi işlərin görüldüyü, bu sahədə QHT nümayəndələrinin, gənclərin, mədəniyyət sahəsində çalışan insanların fəallıq nümayiş etdirməsinin vacibliyi qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi