Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib Bakı. 27 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Aparatı işçilərinin və Nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Mədəniyyət siyasəti
27 Dekabr , 2017 16:54
Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
Mct.gov.az

Bakı. 27 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Aparatı işçilərinin və Nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, kollegiya iclasında geniş hesabat məruzəsi ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2017-ci ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, ölkəmizin turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açıb.

2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edən Əbülfəs Qarayev vurğulayıb ki, bu il Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrildiyini bir daha sübut edib. Nazir mədəniyyətin inkişafı, mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd edib, həmçinin Fondun təşkilatçılığı və Nazirliyin iştirakı ilə bir sıra beynəlxalq festivalların, layihələrin reallaşdırıldığını diqqətə çatdırıb.

Bildirib ki, bu il mədəniyyət sahəsində yaddaqalan hadisələrdən biri milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsinin, habelə musiqi irsimizin nümunəsi olan kamança alətinin hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməsidir.

2017-ci ilin mayında Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə gerçəkləşdiyini xatırladan nazir deyib ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu bu il həmçinin BMT-nin hesabatında və qurumun baş katibinin xüsusi məruzəsində dünyanın mədəniyyətlərarası dialoq mövzusunun əsas tərkib hissəsi kimi qeyd edilib: “Bu, onu göstərir ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunması və inkişafı Prezident İlham Əliyev tərəfindən siyasi xətt kimi həyata keçirilir. Artıq ölkəmiz bu prosesin mərkəzi kimi qəbul edilir və bu, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Fəxr edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasətin həyata keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak edir”.

Turizm Şurasının fəaliyyətə başlamasından bir il ötdüyünü söyləyən Əbülfəs Qarayev ötən müddət ərzində şuranın gördüyü işlərdən də danışıb: “2016-cı il dekabrın 27-də Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olundu. Birillik fəaliyyəti dövründə Turizm Şurasının altı geniş tərkibli iclası keçirildi. Şuranın keçirdiyi iclaslarda 100-dən çox müxtəlif qərarlar qəbul olunub. Bu qərarlar Azərbaycan turizm infrastrukturunun inkişafına, eyni zamanda, Strateji Yol Xəritəsinin icrasına müsbət təsir göstərdi. Bununla yanaşı, 2017-ci ildə ilk dəfə keçirilən Bakı Şopinq Festivalı turizm sahəsində önəmli yenilik oldu. Yaz və payız mövsümündə təşkil olunan bu festivallar növbəti ildə davam edəcək".

Ə.Qarayev vurğulayıb ki, 2017-ci ili maraqlı edən səbəblərdən biri də Nazirlikdə struktur dəyişikliklərinin aparılmasıdır: “Regional idarələrin formalaşması da bizim üçün önəmli hadisələrdən biridir. Hesab edirəm ki, bu, vaxtında verilmiş bir qərar idi. Hazırda bizim qarşımızda əsas vəzifə regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulmasıdır”.

Bildirilib ki, 2017-ci il ölkəmizin mədəni həyatında bir sıra yeniliklərlə yadda qalıb. Dövlət başçısı görkəmli mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, tarixi şəxsiyyətlərin yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı Nazirlik tərəfindən digər aidiyyəti qurumlarla birgə silsilə tədbirlər planı hazırlanaraq həyata keçirilib. O cümlədən böyük şair Molla Pənah Vaqifin 300 illiyi UNESCO və TÜRKSOY səviyyəsində geniş qeyd olunub.

Nazirliyin sisteminə aid olan təhsil müəssisələrinin fəaliyyətindən danışan Əbülfəs Qarayev Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib. Həmçinin 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının keçiriləcəyi diqqətə çatdırılıb.

Nazir “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq, üçcildli “Azərbaycan Teatr Ensiklopediyası”nın nəşrinin başa çatdırılmasını bu sahədə əlamətdar hadisə kimik qeyd edib.

Ə.Qarayev kino sahəsində əldə olunan uğurlardan danışaraq vurğulayıb ki, 2017-ci il ərzində 15 filmimiz 20 ölkədə keçirilmiş 39 beynəlxalq festivalda 53 dəfə iştirak edərək 19 mükafat qazanıb. Ölkəmizdə keçirilən Beynəlxalq Turizm Filmləri Festivalının da dünyanın bu sahədə keçirilən nüfuzlu festivallarından biri olduğu vurğulanıb.

Qeyd edilib ki, ölkəmizdə mədəniyyət və turizmlə bağlı tədbirlər il ərzində respublikanın müxtəlif media orqanlarında, internetdə geniş işıqlandırılıb.

Kollegiya iclasında 2017-ci ilin yekunlarına dair hesabat qəbul edildi. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci ilin birinci yarımillik iş planı təsdiq edilib. Əbülfəs Qarayev növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi