Yuxarı

Mədəniyyət və turizm nazirinin müavininin Kambocaya səfəri başa çatıb

Onun rəhbərlik etdiyi nümayəndə heyəti Turizm və Mədəniyyət üzrə Dünya Konfransı: Yeni Əməkdaşlığın Qurulması adlı tədbirə qatılıb

Bakı. 9 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (BM ÜTT), YUNESKO və Kamboca hökumətinin birgə təşkilatçılığı ilə keçirilən "Turizm və Mədəniyyət üzrə Dünya Konfransı: Yeni Əməkdaşlığın Qurulması" adlı tədbirdə iştirak edib.

"Report" xəbər verir ki, Kamboca Krallığının Siem Reap şəhərində keçirilən konfransda mədəniyyət və turizm sahələrinin bir-birinə təsiri və yeni əməkdaşlıq imkanları araşdırılıb. 

Üç gün davam edən konfransda Kamboca Krallığının kralı Norodom Sihamoni, baş nazir Hun Sen, BM ÜTT-nin baş katibi Taleb Rifai, Bolqarıstanın sonuncu kralı və keçmiş baş naziri II Simeon, 45 ölkənin mədəniyyət və turizm naziri, tanınmış beynəlxalq təşkilatların nümayəndələri və digər yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Sessiya "Mədəniyyətin təşviq edilməsi və qorunması", "Yaşayan mədəniyyət və kreativ sənayelər", "Mədəni marşrutlar əsasında insanların bir araya gətirilməsi" və "Mədəni turizmin köməkliyi ilə şəhərlərin dəyişməsi" adlı dörd mövzunu əhatə edib.

Nazir müavini Nazim Səmədov tədbir iştirakçılarını 2015-ci ildə Bakıda keçiriləcək iki tədbirə - mayın 18-19-da keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna və iyunun 12-28-də keçiriləcək "Bakı-2015" I Avropa Oyunlarına dəvət edib.

Qeyd edək ki, konfrans iştirakçıları Bakıda aprelin 2-4-də keçiriləcək XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə də dəvət olunublar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi