Mədəniyyət nazirinə iki müavin təyin edilib

Mədəniyyət nazirinə iki müavin təyin edilib Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Yasin oğlu Bayramovun Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Mədəniyyət siyasəti
27 İyun , 2018 17:10
Mədəniyyət nazirinə iki müavin təyin edilib
Report
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Yasin oğlu Bayramovun Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Dövlət başçısının 27 iyun 2018-ci il tarixli digər sərəncamı ilə Sevda Yusuf qızı Məmmədəliyeva mədəniyyət nazirinin müavini təyin edilib.

Bununla da mədəniyyət nazirinin müavinlərinin sayı üçə çatdırılıb. Nazirin birinci müavini Vaqif Əliyevdir.

Qeyd edək ki, Bayramov Rafiq Yasin oğlu 10 noyabr 1972 ci il tarixində anadan olub.

1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini Fərqlənmə Medalı ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil alıb, 1995-ci ildə BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsil ocağında oxuduğu müddətdə BDU-nun “Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi” elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləmiş, tarixi-tətbiqi araşdırmalarda iştirak etmiş və bir sıra elmi məqalələrin müəllifi olmuşdur. 1995-1997-ci illər ərzində ordu sıralarında – Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub.

1993-1998-cu illər ərzində qeyri-hökümət gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında fəaliyyət göstərib, yerli və beynəlxalq tədbirlərin, ümumrespublika və regional layihələrin həyata keçirilməsində fəal iştirak edib, bir sıra fəxri fərman və diplomlarla təltif olunub.

1998-1999-cu illər ərzində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı Şəhəri İcra Hakimiyyətinin Aparatın İctimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001-2003-ci illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb.

2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib.

2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində “Qeyri-hökümət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” medalı ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.

Məmmədəliyeva Sevda Yusuf qızı Bakı şəhərində akademik ailəsində anadan olub. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Milli Elmlər Akademiyasının aspiranturasını bitirdikdən sonra Akademiyanın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışıb.

1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyib.

Fəlsəfə elmləri doktoru, professordur.

2001-ci ildə "Fəlsəfə" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi iştirak edib.

1999-cu il ildən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

1999-cu ildə Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin üzvü, 2007-2011-ci illlərdə həmin Rəhbər Komitənin Büro üzvü seçilib.

2010-cu ildən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qrupunun rəhbəri, 2011-ci ildən bəri hər iki ildə bir dəfə təşkil edilən 1-ci , 2-ci və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, həmçinin 2013-cü ildə Bakıda keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyasının, 2015-ci ildə keçirilmiş İSESKO 12-ci Baş Konfransı və İcraiyyə Şurasının Təşkilat komitələrinin sədr müavini olub. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə yaradılmış BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin üzvüdür.

Azərbaycanda və xarici ölkələrdə, o cümlədən BMT, YUNESKO, İSESKO, TÜRKSOY, MDB, GUAM, Avropa Şurasının qərargahlarında və komitələrində keçirilmiş 100-dən çox beynəlxalq simpozium, forum və konfranslarda Azərbaycanı təmsil edib.

Fransa, Çexiya, İtaliya, Yunanıstan, Macarıstan, Latviya Polşa, İraq, Dağıstan və Sankt- Peterburq (Rusiya) Hökumətlərarası Komissiyasının üzvüdür.

Bir neçə Beynəlxalq Akademiyaların əcnəbi üzvüdür.Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsinin Büro üzvüdür. AMEA-nın Fəlsəfə, sosiologiya və hüquq institutunun nəzdində fəaliyyət göstərən D.01115 nömrəli Dissertasiya Şurasının üzvüdür.120-dən çox elmi işin, o cümlədən 9 kitabın müəllifidir.

YUNESKO ilə birgə “Fərqliliklə razılaşaq” və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və BMT baş katibi Ban Ki Moonun önsözü ilə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu şərəfinə nəşr edilmiş “Mən, Biz, Bizə” Sivilizasiyalar kitabının hazırlanmasında yaxından iştirak edib.

YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş "Aşıq sənəti", "Novruz Bayramı" (çoxmilli dosye kimi), "Xalça sənəti", "tar ifaçılığı sənəti" faylları, Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısında yer almış "Çövqan Qarabağ atüstü oyunu", kəlağayı sənəti, Lahıc misgərlik sənəti faylları S.Məmmədəliyevanın rəhbərliyi altında işlənib hazırlanıb.

2005-ci ildə Fransız Elmi Cəmiyyətinin medalına layiq görülmüş, 2008-сi ildə Fransa Respublikasının "İncəsənət və Ədəbiyyat sahəsində xidmətlərinə görə" zabit ordeni, 2013-cü ildə İtaliya Respublikasının "Şərəf" ordeni ilə, 2015-ci ildə isə Avstriyanın elm, təhsil və incəsənət fəxri orden ilə təltif edilmişdir, 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailəlidir, bir oğlu var.

Son xəbərlər

Orphus sistemi