Yuxarı

Los-Ancelesdə Azərbaycana dair 5 yeni sənədli film ekranlaşdırılıb

Filmlər ABŞ-ın artıq 20-dən çox televiziya kanalında nümayiş olunub

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə dəstəyilə Los-Ancelesdə Azərbaycana dair 5 yeni sənədli film ekranlaşdırılıb.

Bu barədə “Report”a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, filmlər artıq ABŞ televiziya kanallarında amerikalı tamaşaçıların ixtiyarına verilib.

Filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkənin multikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır.

Filmlərin əsas süjet xətti Azərbaycanın özünəməxsus və təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiətilə ölkənin tarixi-mədəni irsinə, eləcə də füsunkar təbiətinə vizual səyahət edir. 

Sözügedən filmlər ABŞ-ın artıq 20-dən çox televiziya kanalında nümayiş olunub. Ümumiyyətlə, filmlərin 2016-cı il ərzində Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanması, eləcə də müxtəlif film festivallarında nümayişi nəzərdə tutulur.

Filmlərin çəkilişi və istehsalı Los-Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Sənədli filmləri üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş ECONEWS şirkəti ABŞ-da ətraf mühit və turizmlə bağlı radio-televiziya proqramlarının hazırlanması ilə tanınmaqdadır.

Qeyd edək ki, filmlərin çəkilməsi məqsədilə proqramın prodüseri Nensi Perlmanın rəhbərlik etdiyi çəkiliş qrupu Bakıda və Azərbaycanın bir sıra regionlarında səfərdə olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi