Yuxarı

​Los-Ancelesdə amerikalı tələbələrin hazırladığı Azərbaycan mətbəxi nümunələri təqdim olunub

Tədbirdə Los-Anceles sakinləri, kulinariya tədqiqatçıları və müxtəlif icmaların nümayəndələri iştirak edib

Bakı. 10 noyabr. REPORT.AZ/Los-Anceles şəhərində fəaliyyət göstərən Harbor Kollecində Azərbaycan milli mətbəxinin təbliğinə dair geniş tədbir keçirilib. Bu barədə “Report”a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyilə təşkil edilmiş tədbirdə Kollecin kulinariya ixtisasının müəllim-tələbə kollektivi tərəfindən Azərbaycan milli mətbəxinə məxsus müxtəlif yemək və şirniyyat növləri hazırlanaraq qonaqlara təqdim olunub.

Tədbirdə əsasən, Los-Anceles sakinləri, kulinariya tədqiqatçıları və müxtəlif icmaların nümayəndələri iştirak edib.

Tədbirin açılışında çıxış edən Baş Konsulluğun vitse-konsulu Rafiq Rüstəmov qonaqları salamlayaraq, belə bir önəmli təşəbbüsə görə Harbor Kollecinin kollektivinə təşəkkürünü bildirib.

Həmçinin, Los-Ancelesli jurnalist, Azərbaycan mədəniyyətinin dostlarından olan Nensi Pörlman (Nancy Pearlman) çıxış edərək, Azərbaycan mətbəxinin zənginliyi barədə öz təəssüratlarını bölüşüb, bu tədbirin əlamətdar mədəniyyət hadisəsi olduğunu vurğulayıb.

Sonra Kollecin əməkdaşı, tanınmış kulinariya ustası Covanni Delrosarionun (Giovanni Delrosario) rəhbərliyi altında gənc aşpazlar tərəfindən Azərbaycan milli mətbəxindən 9 adda yemək və şirniyyatlardan ibarət müxtəlif təamlar qonaqlara təqdim olunub. Tədbirdə Los-Ancelesdə yaşayan soydaşlarımızdan tar ifaçısı və vokalçı Vahid Bayat pianonun müşayiətilə Azərbaycan müsiqisindən əsərlər ifa edib və xalq mahnılarımızdan nümunələr səsləndirib.

Tədbirin sonunda kulinar C.Delrosarioya və onun tələbələrinə Baş Konsulluq tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunub. Öz növbəsində, C.Delrosario çıxış edərək, bu tədbir vasitəsilə Azərbaycan mədəniyyəti və onun mətbəxilə yaxından tanış olmaq imkanı əldə etdiklərini, gələcəkdə Azərbaycan mətbəxinin daha dərindən öyrəniləməsinə çalışacaqlarını vurğulayıb. Həmçinin o, tədbirin uğurla keçirilməsində göstərilən dəstəyə görə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna təşəkkürünü bildirib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi