Yuxarı
    Bağlamaq

    Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən şənlikdə iştirak edib

    Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 22-də Zirə Mədəniyyət Mərkəzində xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum, qaçqın və məcburi köçkün ailələrindən olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün Yeni il şənliyi keçirilib.

    "Report" xəbər verir ki, IDEA İctimai Birliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.

    Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarının da qatıldıqları tədbirdə uşaqlar şənlənib, rəqs ediblər.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şənlikdə uşaqlarla əylənməsi, onlarla fotolar çəkdirməsi balacaları daha da ruhlandırıb.

    Leyla Əliyeva uşaqları təbrik edib, onlara uğurlar arzulayıb.

    Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları tədbirin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Forum iştirakçıları Leyla Əliyevaya kəlağayı hədiyyə ediblər.

    Tədbirdə iştirak edən uşaqlara IDEA İctimai Birliyi tərəfindən Yeni il hədiyyələri təqdim olunub.

    Sonra uşaqlara Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzi haqqında məlumat verilib. Onlar Mərkəzin tədris otaqları, gimnastika zalı, art, foto-video studiyaları ilə tanış olublar. Burada sərgilənən qədim Azərbaycan xalçaları uşaqlarda xoş təəssürat yaradıb.

    Daha sonra IDEA-nın xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Quşlar cənnəti-Ağgöl Milli Parkı” sənədli filmi nümayiş etdirilib.

    Mərkəzin eko-parkını gəzən uşaqlara buradakı müxtəlif növ quşlar haqqında məlumat verilib.

    Tədbir çərçivəsində uşaqları yaşıllıqların qorunmasına cəlb etmək, onlarda kiçik yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq məqsədilə Mərkəzin həyətində ağac və gül kolları əkilib.

    Bu tədbirin təşkil edilməsində məqsəd yaşlarından asılı olmayaraq fəal gəncləri ətraf mühit problemlərinin həllinə cəlb etmək, onların təbiətin mühafizəsi üçün mübarizəyə qoşulmalarına və bu sahədə liderlik qabiliyyətlərini inkişaf etdirmələrinə təkan verməkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi