Yuxarı

Kaliforniyada Qarabağa həsr olunan sənədli filmin premyerası keçirilib - VİDEO

Film tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Los-Ancelesdə Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşən uşaqlara həsr olunmuş “Gənc səslər, qədim nəğmə” adlı sənədli filmin premyerası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluqdan "Report"a verilən məlumata görə, film tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilib.

Təbirdə Los-Ancelesdə akkreditə olunan ölkələrin baş konsulları, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, elm və təhsil xadimləri və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti və bu siyasət nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi barədə danışıb. Diplomat, azərbaycanlı qaçqın və məcburi köçkünlərin 400 mindən çoxunu uşaqların təşkil etdiyini, filmdə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün qurbanı olan bu uşaqlardan bəhs edildiyini diqqətə çatdırıb.

Baş konsul “Gənc səslər, qədim nəğmə” sənədli filminin vasitəsilə əslində sadəcə azərbaycanlı uşaqların deyil, dünyanın müxtəlif yerlərində meydana gələn müharibələrin yaratdığı ağrı-acılara və məhrumiyyətlərə məruz qalan günahsız azyaşlıların probleminə diqqət çəkildiyini vurğulayıb.

Tədbir filmin nümayişi ilə davam edib və tədbir qonaqları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Nümayişdən sonra çıxış edən filmin müəllifi C.Verbok, belə bir əlamətdar tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək, filmin çəkilişləri ilə bağlı Azərbaycana səfərləri müddətində azərbaycanlı məcburi köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşən uşaqlarla bağlı əldə etdiyi təcrübələrini bölüşüb, bu barədə tamaşaçıların suallarını cavablandırıb.

Nümayişdən sonra C.Verbok Azərbaycan tarı və kamançasında milli musiqimizdən yadda qalan nümunələr ifa edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi