İtaliyalı memarlar Zəfər muzeyinin konsepsiyasının hazırlanmasında iştirak edəcəklər

İtaliyalı memarlar Zəfər muzeyinin konsepsiyasının hazırlanmasında iştirak edəcəklər Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən işlər davam etdirilir
Mədəniyyət siyasəti
22 Fevral , 2021 10:06
İtaliyalı memarlar Zəfər muzeyinin konsepsiyasının hazırlanmasında iştirak edəcəklər

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən işlər davam etdirilir.

Nazirlikdən "Report"a verilən məlumata görə, layihənin yüksək səviyyədə icrası üçün nazirlik tərəfindən yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərə də müraciət olunub.

Bununla əlaqədar İtaliyanın dünyaca məşhur aparıcı multimedia şirkəti olan “G GROUP” şirkəti ilə əməkdaşlığa başlanılıb. “G GROUP” şirkəti bir sıra beynəlxalq layihələri uğurla icra edib.

Qeyd edək ki, fevralın 9-da şirkət nümayəndələri ilə nazirliyin rəhbərliyi arasında onlayn görüş təşkil edilib və ilkin müzakirələr aparılıb.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının mükəmməl işlənilməsi üçün məkanla yerində tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə fevralın 19-21-də “G GROUP” şirkətinin işçi heyətinin - yaradıcı icraçı direktor və bədii rəhbər Fabrizio Conti, strategiya üzrə məsləhətçi Laura Conti, memar, muzey və ekspozisiya dizayneri Nicola Pavan və memar Carlo Pavan Bakıya səfəri təşkil olunub.

Səfərin ilk günü mədəniyyət naziri Anar Kərimov və işçi nümayəndə heyəti arasında görüş keçirilib. A.Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin dövlətimizin və xalqımızın əzmkarlığı nəticəsində qazandığı Şanlı Qələbəni, Vətən müharibəsinin gedişatını müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olmasının vacibliyini vurğulayıb.

Həmçinin görüşdə layihə çərçivəsində görüləcək işlər, ilkin ideyalar və planlar müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi