Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub

Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı başlayıb.
Mədəniyyət siyasəti
15 May , 2022 03:02
Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub

Ukrayna İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub.

“Report” xəbər verir ki, müsabiqənin finalında 25 ölkənin - Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri yarışıb. 

Çıxışlar yekunlaşdıqdan sonra səsvermə başlayıb. Nəticələrə əsasən yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə) olub. Azərbaycan Ukraynaya 12 səs verib. Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.

Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb.

Builki yarışmanın şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olub. Müsabiqə Avropa Yayım Birliyi (EBU) və yerli “Rai” telekanalının təşkilatçılığı ilə keçirilib.

14.05.2022. 23:00

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin finalı başlayıb.

“Report” xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin finalında 25 ölkənin təmsilçiləri yarışır.

Azərbaycanı bu müsabiqədə Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə təmsil edir.

Nadir Rüstəmli müsabiqənin mayın 13-də keçirilən ikinci yarımfinalında səsvermədən sonra ilk onluğa daxil olaraq finalda mübarizə aparmağa haqq qazanıb.

Bundan başqa, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya, mayın 10-da keçirilən birinci yarımfinaldakı səsvermədə isə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.

Finalda Azərbaycanla yanaşı, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi