İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub İstanbul şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbirlər keçirilib.
Mədəniyyət siyasəti
29 Dekabr , 2019 19:37
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Report

İstanbul şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbirlər keçirilib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, Gənc Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi tədbirdə gənc ziyalılar, elm və sənət adamları iştirak ediblər. 

Təşkilatın sədri Sənan Quliyev kimliyindən və statusundan asılı olmayaraq, Türkiyədə yaşayan hər bir azərbaycanlının səfir missiyasını daşıdığını, Azərbaycanın zəngin mədəniyyətini, tarixini, dünənini və bu gününü təmsil etdiyini deyib. O, digər ölkələrdə olduğu kimi, Türkiyədə də hər zaman azərbaycanlıların birlik və bərabər içində çəmləşdiyini və bir-birinə dəstək olduğunu bildirib. 

Daha sonra Azərbaycanın milli rəqsləri nümayiş olunub və gənc azərbaycanlılar mükafatlandırılıb.

İstanbul-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbirdə isə azərbaycanlılar Avropa və Asiyanı qovuşduran İstanbul boğazında bir araya gəliblər. Onlar Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş "Validə Sultan" gəmisi ilə Mərmərə dənizində iki saat müddətində səyahətə çıxıblar. 

Dərnək rəhbəri Səfər Qaraqoyunlu Azərbaycanın tarixi keçmişindən, mədəni dəyərlərindən danışıb. 

Sonda Azərbaycanın milli musiqiləri səsləndirilib, rəqslər nümayiş olunub.

İstanbul Azərbaycan Kültür Dərnəyinin təşkil etdiyi tədbirdə isə Güney azərbaycanlılar və uzun illər öncə Türkiyəyə köç etmiş həmvətənlərimiz bir araya gəliblər. Dərnəyin sədri Hikmət Erp Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi keşməkeşli yollardan, Cümhuriyyət qurucularının fədakarlığından, müstəqilliyimizin dünya birliyi tərəfindən tanınması istiqamətində görülən işlərdən danışıb. 

Mərasimdə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə dəstək olan, onların təqaüd və evlə təmin olunmasına köməklik göstərən iş adamlarına mükafatlar verilib. 

Tədbir bədii proqramla davam edib.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi