İstanbulda “Azərbaycan Nadir Əfşar dövləti” kitabının təqdimatı olub

İstanbulda “Azərbaycan Nadir Əfşar dövləti” kitabının təqdimatı olub Akademik Ramiz Mehdiyevin Nadir şah haqqında yazdığı əsərlər kitabın yazılmasında müəllifə yaxından kömək edib
Mədəniyyət siyasəti
30 Dekabr , 2015 20:39
İstanbulda “Azərbaycan Nadir Əfşar dövləti” kitabının təqdimatı olub

Bakı. 30 dekabr. REPORT.AZ/ İstefada olan polis polkovniki, professor Cahangir Hüseyn Əfşarın türk dilində nəşr olunmuş “Azərbaycan Nadir Əfşar dövləti” elmi-publisistik kitabının İstanbulda təqdimatı keçirilib.

"Report" xəbər verir ki, “Aydınlar Ocağı”nda təşkil olunan təqdimat mərasimində Türkiyənin tanınmış ədəbiyyatçıları, məşhur elm və sənət adamları, tarixçilər, KİV nümayəndələri iştirak ediblər.

Böyük Azərbaycan hökmdarı, Şərqin son fatehi Nadir şah Əfşardan bəhs edən 400 səhifəlik “Azərbaycan Nadir Əfşar dövləti” kitabı nəfis tərtibatla İstanbulda nəşr olunub.

Təqdimat mərasimində “Aydınlar Ocağı”nın Anadolu bölməsinin rəhbəri, professor İbrahim Öztək, kitabın tərcüməçisi Cumhur Turan və başqaları çıxış ediblər. Onlar bildiriblər ki, müəllif kitabda Nadir şahın həyatı, Azərbaycanın və İranın böyük bir hissəsini işğal etmiş osmanlılara və əfqanlara qarşı apardığı müharibələr, nəhayət, şahlıq taxtına çıxması və s. əməli fəaliyyətini çoxsaylı tarixi faktlar əsasında araşdıraraq oxuculara çatdırır.

Çıxış edənlər əminliklə bildiriblər ki, “Azərbaycan Nadir Əfşar dövləti” elmi-publisistik kitabı Nadir şah dövrünü araşdıran, bu bölgənin dövlətçilik ənənələrinin, hətta mədəniyyətinin və digər dəyərlərinin tədqiqinə maraq göstərən mütəxəssislər üçün çox əhəmiyyətli mənbədir.

Mərasimdə çıxış edən Cahangir Hüseyn Əfşar kitabın yazılma səbəbləri, onun yüksək səviyyədə ərsəyə gəlməsi üçün istifadə etdiyi mənbələr barədə məlumat verib, əsərin türk dilində nəşrinin əhəmiyyətindən danışıb.

Müəllif təqdim olunan kitabın yazılmasını və başqa dillərə tərcümə olunmasını ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin kitab yaradıcılığının inkişafına göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirib. O qeyd edib ki, “Azərbaycan Nadir Əfşar dövləti” kitabını yazmaqda məqsədi Azərbaycanın zəngin dövlətçilik tarixi, xalqımızın enişli-yoxuşlu inkişaf yolu, qədim mədəniyyətimiz və öyrənilməsi bütün dünya üçün vacib olan dəyərlərimiz barədə oxuculara məlumat vermək olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Nadir şah haqqında yazdığı əsərlər kitabın yazılmasında ona yaxından kömək edib.

Nadir şahın təkcə yenilməz sərkərdə yox, eyni zamanda, qurucu, islahatçı kimi rəhbərlik etdiyi ölkədə hərtərəfli inkişafa nail olmaq üçün həyata keçirdiyi çoxistiqamətli tədbirlərin mahiyyəti barədə nadir mənbələrdən yeni-yeni faktlar bu tədqiqata cəlb olunub. Böyük zəhmət hesabına ərsəyə gələn bu kitab Nadir şah Əfşarın anadan olmasının 325 və qurduğu qüdrətli dövlətin 280 illiyinə həsr edilib.

Son xəbərlər

Orphus sistemi