İstanbulda “Yurt sevdası” kitabının təqdimatı olub

İstanbulda “Yurt sevdası” kitabının təqdimatı olub Türkiyənin İstanbul şəhərində 38-ci Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
Mədəniyyət siyasəti
3 Noyabr , 2019 17:08
İstanbulda “Yurt sevdası” kitabının təqdimatı olub

Türkiyənin İstanbul şəhərində 38-ci Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

“Report”un Türkiyə bürosu xəbər verir ki, “50-ci illərin ədəbi nəsli” mövzusuna həsr olunan builki kitab sərgisinə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb. Sərgi çərçivəsində 300 ədəbi-bədii tədbirin, 3 minə yaxın imza günün keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı Baş Konsulluğumuzun dəstəyilə ölkəmiz sərgidə iki xüsusi stendlə təmsil olunur. Beynəlxalq salondakı milli stend 4, “Zəngin Yayıncılıq” nəşriyyatı vasitəsilə təşkil olunan “Azərbaycan” stendi isə 9 gün müddətində fəaliyyət göstərəcək.

Azərbaycan bölməsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və yerli nəşriyyatlar tərəfindən çap olunan ölkəmizin tarixini, mədəniyyətini, multikultural dəyərlərini və dövlətçilik ənənələrini əks etdirən 300 adda, 600 nüsxədən çox nəşr sərgilənir. Eyni zamanda tədbirdə Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində türk dilinə çevrilən 45 adda Azərbaycan ədəbiyyatı da ziyarətçilərə təqdim edilir.

Azərbaycan bölməsində, həmçinin “Kaspi nəşrləri” seriyasından ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyat xadimlərinə həsr olunan kitablar da sərgilənir. Azərbaycan və türk dillərində olan bu nəşrlər də ziyarətçilər tərəfindən maraqla qarşılanır. Bu kitablar “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkəti tərəfindən nəşr edilib.

Milli stenddə quraşdırılmış monitorda ölkəmizin tarixi-mədəniyyət abidələri, müasir memarlığı, ədəbiyyat xadimləri, xalq yaradıcılığı və musiqisi barədə videoçarxlar nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan bölməsində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın “Yurt sevdası” kitabının təqdimatı olub. 2019-cu ildə Türkiyənin “Zəngin yayıncılık” nəşriyyatı tərəfindən beş min tirajla dərc olunan kitabın tərcüməçisi şair-yazıçı Yurtsevən Şəndir. Kitabda Sona Vəliyevanın Qarabağ, vətən, sevgi, millətə inam mövzularında 100-dən çox müxtəlif janrlarda şeirləri yer alıb.

Təntənəli şəkildə keçirilən təqdimetmə mərasimində kitaba olan diqqət, ziyalıların və türk şairlərinin fikirləri bu nəşrin türk oxucusu tərəfindən yüksək rəğbətlə qarşılandığını göstərib. Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev, konsulluğun əməkdaşları, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, ziyalılar, Türkiyədə yaşayan azərbaycanlılar və türkiyəli oxucular iştirak ediblər.

Daha sonra türk dilinə tərcümə edilən Nizami Gəncəvinin “Xəmsəsi”nin və “Nəsimi İrak Divanı” kitablarının da təqdimatı keçiriləcək.

Tədbiri ziyarət edən Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy Azərbaycan bölməsinə də baxış keçirib. Nazir ölkəmizin sərgidə yüksək səviyyədə iştirakına görə məmnunluğunu bildirib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov Azərbaycan bölməsinin sərgidəki fəaliyyəti, “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi barədə Məhmət Nuri Ərsoya məlumat verib və Nizami Gəncəvinin “Xəmsəsi”ni və Nəsiminin “İrak Divanı”nı nazirə hədiyyə edib.

Milli stenddə nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda ziyarətçilərə paylanılacaq, bir qismi isə Türkiyədəki kitabxanalara hədiyyə olunacaqdır.

Kitab sərgisinin “Fəxri yazarı" Adnan Özyalçınerdir. Sərgi noyabrın 10-dək davam edəcək.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi