Yuxarı
    Bağlamaq

    İSESKO İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı iclası başa çatıb

    Qurumun 12-ci Baş Konfransı isə noyabrın 26-da başlayacaq

    Bakı. 24 noyabr. REPORT.AZ/ İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı iclası başa çatıb.

    "Report" xəbər verir ki, İSESKO İcraiyyə Şurasının sədri Bubəkr Dokurə İcraiyyə Şurasının 36-cı iclasının işini yüksək qiymətləndirib. O, tədbirin böyük mədəniyyətə malik islam ölkələri arasında elm, təhsil və mədəni əlaqələrin güclənməsinə dəyərli töhfələr verəcəyinə ümidvar olduğunu bildirib. İcraiyyə Şurasının sədri bəşəriyyətin inkişafında dünya birliyi ilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

    B.Dokurə qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycanda olmaqdan qürur duyduğunu diqqətə çatdırıb. O, İcraiyyə Şurasının 36-cı iclasının yüksək səviyyədə keçirilməsinə və göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, bütün Azərbaycan xalqına öz minnətdarlığını bildirib.

    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESKO İcraiyyə Şurasının 36-cı iclası çərçivəsində elm, təhsil, mədəni əməkdaşlıq sahələrində ölkələrin inkişaf istiqamətlərini təmin edəcək müzakirələrin aparıldığını bildirib: “İslam ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi və qarşılıqlı münasibətlərin dərinləşməsi olduqca vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin inkişafına daima öz dəstəyini göstərir. Təşkilatla münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsindən sonra daha da uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən yüksək səviyyədədir”.

    Ə.Qarayev vurğulayıb ki, İSESKO İcraiyyə Şurasının 36-cı iclasının Bakıda keçirilməsi müxtəlif ölkələrdən gələn qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün də mühüm bir imkandır.

    Nazir Bakıda İSESKO-nun 12-ci Baş Konfransının da yüksək səviyyədə keçirilməsi üçün böyük hazırlıq işlərinin görüldüyünü deyib. İclasa qatılan hər bir qonağa minnətdarlığını bildirən Ə.Qarayev hər kəsin Azərbaycanda özünü öz vətənindəki kimi rahat hiss etdiyinə ümidvar olduğunu vurğulayıb.

    İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycanda keçirilən iclası məhsuldar və əməkdaşlığın inkişafında irəliyə atılmış addım kimi qiymətləndirib.

    İclasın yüksək səviyyədə keçdiyini vurğulayan baş direktor Azərbaycan xalqına və hökumətinə minnətdarlığını ifadə edib.

    Qeyd edək ki, İSESKO-nun Bakıda keçirilən İcraiyyə Şurasının iclasına və Baş Konfransa 59 ölkədən nümayəndə qatılıb. Qurumun 12-ci Baş Konfransı isə noyabrın 26-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi