İranda Azərbaycan mədəniyyəti günləri davam edir

İranda Azərbaycan mədəniyyəti günləri davam edir İulun 7-də isə Tehranda Musiqili Teatrının heyəti “Ər və arvad” tamaşanı təqdim edəcək
Mədəniyyət siyasəti
6 İyul , 2017 20:47
İranda Azərbaycan mədəniyyəti günləri davam edir
Mct.gov.az

Bakı. 6 iyul. REPORT.AZ/ İranda iyulun 3-də başlayan Azərbaycan Mədəniyyəti Günləri paytaxt Tehrandakı tədbirlərlə yanaşı, İsfahan şəhərində də davam edib. İyulun 5-də Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və nümayəndə heyəti İsfahan şəhərinə gəlib.

Bu barədə "Report"a Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazir Əbülfəs Qarayev İsfahan vilayətinin valisi Rəsul Zərgərpur ilə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

İki ölkə arasında mədəni, tarixi, coğrafi və dini bağlılıqlardan söz açan vali Rəsul Zərgərpur son illər ərzində əlaqələrin yüksək templə davam etdiyini, İran Prezidenti Həsən Ruhaninin Azərbaycanla münasibətlərin genişləndirilməsinə yüksək önəm verdiyini və bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb.

Ölkəmizə səfərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xatırlayan Rəsul Zərgərpur bildirib ki, qarşılıqlı səfərlər mövcud əlaqələrin daha da inkişafına imkanlar yaradır.

Vali onu da vurğulayıb ki, İsfahan şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış əlaqələri var və gələcəkdə bu səpkidə Azərbaycanın şəhər və rayonları ilə də müvafiq saziş hazırlana bilər. Bu da öz növbəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində əməkdaşlığın genişlənməsinə əlavə zəmin yaradar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2010-cu ildə ilk dəfə İranın Tehran və Təbriz şəhərlərində Azərbaycanın mədəniyyəti günlərinin təşkil olunduğunu qeyd edərək bildirib ki, bu gün iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün kifayət qədər imkanlar mövcuddur. Bunun nəticəsidir ki, İranın bir sıra şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilir, konsertlər, sərgilər, filmlər nümayiş olunur.

Əbülfəs Qarayev son illər Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində həyata keçirilən işlər barədə də məlumat verib. Qeyd edib ki, ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda, yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərir.

Görüşdə iki ölkənin ticarət palataları arasında əməkdaşlıq, turizm sahəsində əlaqələr, sərgilər və digər mədəniyyət tədbirlərinin keçirilməsində əməkdaşlıq kimi məsələlər də müzakirə edilib. Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Həmin gün İsfahan şəhərində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor - Xalq artisti Ağaverdi Paşayev) konserti olub. Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunan növbəti musiqi proqramı böyük maraqla qarşılanıb.

Azərbaycan nümayəndə heyəti İsfahanın qədim tarixi məkanları ilə də tanış olub. Məlumat verilib ki, İranın Tehran və Məşhəddən sonra üçüncü böyük şəhəri sayılan İsfahanda dünyanın ən gözəl memarlıq inciləri var. Şəhərin Nəqşicahan meydanı UNESCO-nun Dünya mədəni irsi siyahısına daxildir.

Qeyd edək ki, Azərbaycan mədəniyyəti günlərinin proqramı paytaxt Tehranda da davam edir. Şəhərdəki “Arasbaran” Mədəniyyət mərkəzində filmlərimiz nümayiş olunur. Kino proqramına “Azərbaycanfilm”də son illərdə istehsal olunmuş beş ekran əsəri – “Nabat”, “Buta”, “Çölçü”, “Yarımçıq xatirələr” və “Dərs” bədii filmləri daxildir.

İyulun 7-də isə Tehranda Azərbaycan Dövlət Musiqili Teatrının heyəti Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi