İçərişəhərdə yaşayış binası təmir olunaraq sakinlərə təhvil verilib

İçərişəhərdə yaşayış binası təmir olunaraq sakinlərə təhvil verilib Bərpa işlərini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ARDNŞ ilə birgə aparıb
Mədəniyyət siyasəti
16 Fevral , 2015 11:47
İçərişəhərdə yaşayış binası təmir olunaraq sakinlərə təhvil verilib

Bakı. 16 fevral. REPORT.AZ/ "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birgə İçərişəhər, M.Ş.Vazeh küçəsi, ev 6 ünvanında yerləşən üçmərtəbəli, 14 mənzilli yaşayış binasında iki ilə yaxın aparılan regenerasiya işləri tamamlayıb və tam təmir olunmuş mənzilləri bina sakinlərinə təhvil verib.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Üçmərtəbəli yaşayış binası 2000-ci ildə Bakıda baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş binaların siyahısına daxil edilib. Uzun müddət təmir və bərpa işləri aparılmadığından, sakinlər tərəfindən özbaşına artırmalar edildiyindən, həmçinin təbii təsirlərdən güclü aşınmaya məruz qalmış bu bina öz dayanıqlığını itirmiş tam qəzalı vəziyyətə düşüb.

Bütün bunları nəzərə alaraq, bina məhkəmə qaydasında qəzalı elan olunub, binanın təmir-bərpa işlərinin yerinə yetirilməsi isə mövcud qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin üzərinə qoyulub. Lakin layihənin sosial baxımından əhəmiyyətliliyi və mülkiyyətçilərin maddi imkanlarının aşağı olması nəzərə alınaraq regenerasiya işlərinin dövlət hesabına həyata keçirilməsi qərara alınıb.

2012-ci ilin ikinci yarısında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Dövlət Neft Şirkəti ilə birlikdə aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış layihə əsasında binanın regenerasiyasına başlanıb.

Regenerasiya işlərinin aparılması müddəti ərzində bütün bina sakinləri İdarə tərəfindən dövlət vəsaiti hesabına müvəqqəti yaşayışla təmin edilib. Regenerasiyadan sonra binada bütün mənzillər tam təmir edilmiş, bina avtonom mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib. "Həyata keçirilmiş bu mühüm layihə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin milli-mədəni irsimizin incisi olan İçərişəhərin qorunması, burada yaşayan sakinlərin və ümumiyyətlə ölkə əhalisinin sosial problemlərinin həlli, ölkə vətəndaşlarının yaşayış şəraitlərinin yaxşılaşdırılması məsələlərinin daimi olaraq diqqət mərkəzində olmasının daha bir əyani göstəricisidir", - idarədən bildirilib.

Qeyd edəki ki, son bir neçə il ərzində İçərişəhərdə 60-dan artıq qəzalı vəziyyətdə olan binaların bünövrələri möhkəmləndirilib, onların qəzalılıq vəziyyəti aradan qaldırılıb. 

Son xəbərlər

Orphus sistemi