Bakı. 9 iyun. REPORT.AZ/ Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi iyunun 17-dən 19-dək Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışları ərəfəsində İçərişəhərdə “İçərişəhər Formula 1-in gözü ilə” və “Meydan Bazarı” adlı tədbir keçirəcək.
Bu barədə "Report"a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Tədbir İçərişəhərdə, Qoşa Qala qapısı qarşısındakı meydanda iyunun 11, 12, 18, 19, 25 və 26-da təşkil olunacaq.
“Meydan Bazarında” Azərbaycanda mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərlərinin, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində hazırlanan zərgərlik, batika, keramika və taxtaoyma sənəti nümunələrinin, eləcə də zəngin milli mətbəxin sərgi-satışı təşkil olunacaq.
Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcək.