Yuxarı

​Heydər Əliyev Mərkəzində Fikrət Əmirovun xatirəsinə həsr olunan tədbir keçiriləcək

Kitabın təqdimat mərasimi və konsert olacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunan kitabın təqdimat mərasimi və konsert keçiriləcək. Bu barədə “Report”a Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Azərbaycan mədəniyyətinin yaşadılması, inkişafı və təbliği məqsədi daşıyan bu layihə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

“Fikrət Əmirov” kitabı bəstəkarın şəxsi arxivi əsasında hazırlanıb. Nəşrə bəstəkarın “Sevil” operası və “Min bir gecə” baletinin CD-ləri də daxildir.

Kitab Fikrət Əmirov musiqisinin köklərinin gedib çıxdığı Şuşa şəhərinin, XIX əsrin sonu XX əsrin əvvəllərində oradakı musiqi mühitinin təsviri ilə başlayır. Hadisələr xronoloji ardıcıllıqla davam etdirilir, musiqiçi Əmirovlar sülaləsinin həyat və yaradıcılıq yolu izlənilir, F.Əmirovun ölməz əsərlərinin yaranma tarixçəsi, onların ərsəyə gəlməsinə səbəb olmuş mədəni mühit əks etdirilir. Kitabda görkəmli bəstəkar və əsərləri haqqında müxtəlif dövrlərdə mətbuat orqanlarında dərc olunmuş rəylər, tanınmış şəxsiyyətlərin fikirləri də toplanıb.

Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. Orkestri bədii rəhbər və baş dirijor, Azərbaycanın xalq artisti Teymur Göyçayev idarə edəcək.

Azərbaycan musiqisinin korifeylərindən olan F.Əmirov 22 noyabr 1922-ci ildə Gəncədə anadan olub. Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin tələbəsi olmuş F.Əmirovun yaradıcılığı müxtəlif janrları əhatə edib. Bəstəkar “Şur” və “Kürd ovşarı” simfonik muğamları ilə dünya musiqi tarixində yeniliyə imza atıb və simfonik muğam janrının əsasını qoyub. Şərq nağılları əsasında yaratdığl “Min bir gecə” baleti ona ölkə hüdudlarından kənarda da şöhrət qazandırıb. F.Əmirov 20 fevral 1984-cü ildə dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi