Yuxarı

Uşaqların əl işlərindən ibarət sərgi sərginin açılışında Leyla Əliyeva iştirak edib - FOTO

Heydər Əliyev Mərkəzində uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun dəstəyi ilə reallaşan sərginin açılışında iştirak edib.

Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. İstedadlı uşaqların “Xəyallarla dolu qəlblər” adlı sərgisi də belə layihələrdəndir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və sərgi iştirakçıları Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi, “Qayğı” Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakıdakı və regionlardakı uşaq evləri və uşaq bağçalarından olan istedadların rəsm və digər əl işləri ilə tanış oldular.

Uşaqlara qayğı Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biridir. Fondun fəaliyyəti əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən - valideyn məhəbbətindən və qayğısından məhrum olmuş balalarımıza kömək göstərilməsinə yönəlib. Heydər Əliyev Fondunun himayəsi altında həyata keçirilən aksiyalar sırasına məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evləri və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair proqram, Azərbaycanda, əsasən kənd yerlərində yeni məktəb binalarının inşası, müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsi daxildir. Bu tədbir də istedadlı uşaqların yaradıcılığına dəstək, onların bacarığının inkişaf etdirilməsi məqsədi daşıyır.

Sərgi ilə tanışlıqdan sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar barədə film nümayiş etdirildi. Balacaların ifa etdikləri rəqslər tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.

Tədbirin sonunda uşaqların əl işlərinin satışı təşkil edildi. On beş əsər yerindəcə satıldı. Toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədilə sərf ediləcək. Dörd yüzədək əsərin nümayiş olunduğu “Xəyallarla dolu qəlblər” sərgisi iki gün davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi