Heydər Əliyev Mərkəzində “Sloveniya Günü”nün açılışı olub

Heydər Əliyev Mərkəzində “Sloveniya Günü”nün açılışı olub İştirakçılar məşhur “Eroika” qrupunun konsertini dinləyiblər
Mədəniyyət siyasəti
13 Mart , 2015 22:19
Heydər Əliyev Mərkəzində “Sloveniya Günü”nün açılışı olub

Bakı. 13 mart. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində “Sloveniya Günü”nün açılışı olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli Azərbaycanda ilk dəfə keçirilən “Sloveniya Günü”nün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Adil Kərimli deyib: “Bu gün biz Sloveniyanı, onun zəngin mədəniyyətini yaxından tanımağa imkan yaradacaq iki müxtəlif və böyük bir tədbirə start veririk. Bu tədbirlərdən birinci “İki fərqli dünya” adlanan ata və oğulun incəsənət əsərlərinin sərgisi, digəri isə “Eroika” qrupunun təqdimatında konsert proqramıdır”.

Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən natiq Sloveniyanın fəxri konsulluğunun qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmlənməsi istiqamətindəki işlərini xüsusilə qeyd edib.

Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbek tədbirdə çoxsaylı qonaqların iştirakından məmnunluğunu ifadə edib.

Səfir deyib: “Bu gecə sloveniyalı məşhur sənətçi Ljuben Dimkaroski dünyanın ən qədim fleytasında səsləndirəcəyi musiqi nömrələri ilə bizim hamımızın zövqünü oxşayacaq. Sloveniya Milli Muzeyində saxlanılan bu fleytanın 65 min il yaşı var. Bu musiqi aləti neandertal insan dövründə icad edilib. Sadə, bir neçə dəliyi olan bu musiqi alətinin sehrində biz həmin dövrlərin ruhunu hiss edəcək, eyni zamanda müasir musiqi əsərlərini dinləyəcəyik. Eyni zamanda biz rənglərin səyahətinə də çıxacağıq. Belə ki, Sloveniya rəssamları Peter və Joze Ciuhaların əsərlərinin bənzərsiz rənglər dünyasına 18 rəngin nələr yaratdığını seyr edəcəyik”.

Tədbir çərçivəsində qonaqlar əvvəlcə incəsənət sərgisi ilə tanış olublar.

Sonra iştirakçılar, həmçinin Heydər Əliyev Mərkəzində məşhur “Eroika” qrupunun konsertini dinləyiblər. Sloveniya sənətçiləri “Baharlı yurdum-Azərbaycan” mahnısını ifa etməklə konserti möhtəşəm sonluqla yekunlaşdırıblar.

Son xəbərlər

Orphus sistemi