Yuxarı

​Heydər Əliyev Mərkəzində “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisi açılacaq

Sərgi noyabrın 1-dək davam edəcək

Bakı. 5 iyun. REPORT.AZ/ Bakıda Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərindən olan və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisi açılır. Mərkəzdən “Report”a verilən məlumata görə, Azərbaycanda ilk dəfə keçiriləcək sərginin rəsmi açılış mərasimi iyunun 12-də olacaq. Sərginin açılışında Monako knyazı II Albert iştirak edəcək.

Sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin (1929-1982) həyat yoluna həsr olunub. Eksponatlar Qreys Kellinin kinoaktrisalıq karyerası, eləcə də həyatının Monako knyazı III Renye ilə evləndikdən sonrakı dövrünü əks etdirir.

Sərgidə Qreys Kelliyə məxsus libaslar, zinət əşyaları, məktublar, fotoşəkillər və digər maraqlı eksponatlar nümayiş olunacaq. Bakı tamaşaçılarına ümumilikdə 200-dən artıq eksponat təqdim ediləcək. Heydər Əliyev Mərkəzindəki sərgi premyera ilə də yadda qalacaq. Belə ki, Qreys Kelliyə məxsus avtomobillər bu sərgi çərçivəsində izləyicilərə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunacaq. Bu avtomobillərdən biri - 1952-ci il istehsalı olan Austin Taxi avtomobilində şahzadə öz övladları ilə gəzməyi çox sevərmiş.

Qeyd edək ki, Qreys Kellinin həyat hekayəsini nəql edən “Qreys Kelli: şahzadə və stil ikonası”adlı sərgi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto, Bendiqo, Astana, Monreal, Doylestaun və Apeldorn şəhərlərində təqdim olunub.

Qreys Kelli Hollivudun məşhur kino ulduzlarından olub. O, 1951-1956-cı illərdə Qari Kuperlə birlikdə çəkildiyi “Günorta çağı” filmi daxil olmaqla 11 ekran əsərində rol alıb. Qreys Kelli tanınmış rejissor Alfred Hiçkokun sevimli aktrisası idi. Hiçkok gözəl aktrisanı bir neçə filmində - “Moqambo” (1953-cü il) və “Qətl üçün M-i yığın”, “Arxa pəncərə”, “Oğrunu tutmalı” (1955-ci il) adl ekran əsərlərində baş rola çəkib. Qreys Kelli “Kənd qızı” filmində yaratdığı obraza görə “Oskar” mükafatına layiq görülüb. O, həmçinin iki dəfə “Qızıl qlobus” mükafatını qazanıb.

1955-ci ildə Kann Film Festivalı zamanı Monako knyazı III Renye ilə tanışlığı isə onun həyatının axarını dəyişdirib. Qreys Kelli bu tanışlıqdan bir ildən sonra III Renye ilə evlənərək kino karyerasına son qoyub. Üç övlad anası olan şahzadə Qreys ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olub. Həm aktrisalıq, həm də Monako şahzadəsi olduğu dövrlərdə özünəməxsus tərzinə, mükəmməl geyim zövqünə görə diqqəti cəlb edib. Qreys Kelli 1982-ci ildə avtomobil qəzasında həlak olub.

Heydər Əliyev Mərkəzində iyunun 13-dən ictimaiyyət üçün açıq olan sərgi noyabrın 1-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi