Yuxarı

​Heydər Əliyev Mərkəzində klassik musiqi gecəsi keçiriləcək

Konsertdə gənc virtuoz skripka ifaçısı Elvin Qəniyev Niyazi adına simfonik orkestrin müşayiəti ilə çıxış edəcək

Bakı. 27 may. REPORT.AZ/ İyunun 10-da Heydər Əliyev Mərkəzində klassik musiqi gecəsi keçiriləcək. Konsertdə gənc virtuoz skripka ifaçısı Elvin Qəniyev Niyazi adına simfonik orkestrin müşayiəti ilə çıxış edəcək. Bu barədə "Report"a Mərkəzin İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə bir saatadək davam edəcək proqramda Elvin Qəniyev tamaşaçılara görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin skripka üçün konsertini və digər əsərləri təqdim edəcək.

Elvin Qəniyev 1997-ci il noyabrın 25-də Ankarada musiqiçi ailəsində dünyaya gəlib. Azərbaycanın xalq artisti Sərvər Qəniyevin nəvəsi olan Elvin beş yaşından skripkada ifa etməyə başlayıb. O, Bilkənt Universiteti nəzdindəki Musiqi Məktəbini bitirib.

Elvin Qəniyev 2006-cı ildə Moskvada keçirilən “Klassik irs” beynəlxalq müsabiqəsində birincilik, 2007-ci ildə skripkaçılar arasında Gülden Turalı adına müsabiqədə birincilik və türk bəstəkarın əsərini ən yaxşı ifaya görə xüsusi mükafat qazanıb.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınıb və o, Prezident təqaüdünə layiq görülüb.

Elvin Qəniyev həmçinin Polşada gənc skripkaçıların K.Lipinski və Q.Venyavski adına XI beynəlxalq müsabiqəsinin (2009), İspaniyada keçirilən “Madrid gecələri” II beynəlxalq müsabiqə-festivalın, İsveçrədə gənc musiqiçilərin P. Çaykovski adına VII beynəlxalq müsabiqəsinin (2012), D.Oystrax adına Moskva beynəlxalq müsabiqəsinin (2013) laureatı olub. 2010-cu ildə isə Roma Papası Elvini ordenlə təltif edib.

Elvin Qəniyev dünyanın bir çox ölkələrində müxtəlif nüfuzlu orkestrlərlə birgə, Vladimir Spivakov, Yuri Başmet, Rauf Abdullayev, Gürer Aykal, Erol Erdinç, Vladimir Fedoseyev, Sərvər Qəniyev, Teymur Göyçayev, İşın Metin və digər görkəmli dirijorların idarəçiliyi ilə çıxış edib. O, Azərbaycan, Rusiya, Fransa, Almaniya, Yunanıstan, Polşa, İsveçrə, Belarus və digər ölkələrdə keçirilən bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Avstriya, Fransa, İsveçrə, Azərbaycan, Rusiya, İspaniya, Gürcüstan, Albaniya, Qazaxıstan, Böyük Britaniya, Belçika, Çexiya, Norveç, Belarus, Almaniya, İtaliya və Misirdə solo konsertlər verib.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi