​Heydər Əliyev Mərkəzində Elvin Qəniyevin iştirakı ilə klassik musiqi gecəsi keçirilib

​Heydər Əliyev Mərkəzində Elvin Qəniyevin iştirakı ilə klassik musiqi gecəsi keçirilib O, tamaşaçılara görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin skripka üçün konsertini təqdim edib
Mədəniyyət siyasəti
11 İyun , 2015 09:21
​Heydər Əliyev Mərkəzində Elvin Qəniyevin iştirakı ilə klassik musiqi gecəsi keçirilib

Bakı. 11 iyun. REPORT.AZ/ İyunun 10-da Heydər Əliyev Mərkəzində klassik musiqi gecəsi keçirilib. Konsertdə gənc virtuoz skripka ifaçısı Elvin Qəniyev Niyazi adına simfonik orkestrin müşayiəti ilə çıxış edib. “Report”un məlumatına görə, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə bir saatadək davam edən proqramda Elvin Qəniyev tamaşaçılara görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin skripka üçün konsertini təqdim edib.

Elvin Qəniyev 1997-ci il noyabrın 25-də Ankarada musiqiçi ailəsində dünyaya gəlib. Azərbaycanın Xalq Artisti Sərvər Qəniyevin nəvəsi olan Elvin beş yaşından skripkada ifa etməyə başlayıb. O, Bilkənt Universiteti nəzdindəki Musiqi Məktəbini bitirib.

Elvin Qəniyev 2006-cı ildə Moskvada keçirilən “Klassik irs” beynəlxalq müsabiqəsinin qalibi olub, 2007-ci ildə skripkaçılar arasında Gülden Turalı adına müsabiqədə birincilik və türk bəstəkarı əsərinin ən yaxşı ifasına görə xüsusi mükafat qazanıb.

2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınıb və o, Prezident təqaüdünə layiq görülüb.

Elvin Qəniyev, həmçinin Polşada gənc skripkaçıların K.Lipinski və Q.Venyavski adına XI beynəlxalq müsabiqəsinin (2009), İspaniyada keçirilən “Madrid gecələri” II beynəlxalq müsabiqə-festivalın, İsveçrədə gənc musiqiçilərin P. Çaykovski adına VII beynəlxalq müsabiqəsinin (2012), D. Oystrax adına Moskva beynəlxalq müsabiqəsinin (2013) laureatı olub. 2010-cu ildə isə Roma Papası Elvini ordenlə təltif edib.

O, Azərbaycan, Rusiya, Fransa, Almaniya, Yunanıstan, Polşa, İsveçrə, Belarus və digər ölkələrdə keçirilən bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Avstriya, Fransa, İsveçrə, Azərbaycan, Rusiya, İspaniya, Gürcüstan, Albaniya, Qazaxıstan, Böyük Britaniya, Belçika, Çexiya, Norveç, Belarus, Almaniya, İtaliya və Misirdə solo konsertlər verib.

Konsert barədə təəssüratlarını bölüşən Elvin Qəniyev Azərbaycanda, Heydər Əliyev Mərkəzində çıxış etməkdən böyük qürur hissi duyduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi