Yuxarı

Leyla Əliyeva: "Lermontov qeyd edirdi ki, fransız dili Avropa üçün əhəmiyyətli olduğu qədər Azərbaycan dili də Asiya üçün əhəmiyyətlidir"

Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində görkəmli rus şairinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

"Report" AzərTAc-a istinadla xəbər ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontov əvvəlcə Heydər Əliyev Mərkəzində görkəmli şairin 200 illiyi ilə bağlı təşkil edilmiş sərgi ilə tanış oldular.

Sərgi üç bölmədən – “Rəssam Lermontovun əsərlərinin reproduksiyası”, “Şairin bədii surəti uşaqların gözü ilə”, “Lermontov şəxsiyyətinin və onun ədəbi yaradıcılığının Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və müəllimləri tərəfindən təqdimatı”ndan ibarətdir. 2014-cü ildə böyük rus şairi və yazıçısı Mixail Lermontovun anadan olmasının 200 illiyi bütün dünyada, o cümlədən Azərbaycanda qeyd edilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda bu münasibətlə müxtəlif tədbirlər keçirilib. Görkəmli şairin 200 illiyinə həsr olunmuş sərgi də bunların sırasındadır. Sərgi iki xalq arasında mədəni əməkdaşlığa da töhfəsini verir.

Tədbirin rəsmi hissəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA çıxış edərək dedi:

- Hörmətli qonaqlar, əziz dostlar!

İlk növbədə hamınızı Bakıda salamlamaq istəyirəm. Bu gün bizi sizinlə çox gözəl bir hadisə - Mixail Yuriyeviç Lermontovun anadan olmasının 200 illiyi birləşdirir. Mən bilirəm ki, bu tarix bir çox ölkələrdə qeyd olunur, çünki Lermontovun dühası bütün bəşəriyyətə məxsusdur.

Onun yaradıcılığı dünya mədəniyyətinə böyük töhfə verib və bütün xalqların ürəyinə yatıb. Onu həm Qərbdə, həm də Şərqdə sevirlər. Lermontovun poeziyası həm parlaq vətəndaşlıq mövqeyi, həm dərin fəlsəfə, həm də incə məhəbbət lirikasıdır. Hamıya məlumdur ki, Lermontov əsərlərinin çoxunu Qafqazda sürgündə olarkən yazıb. Qafqaz dağlarının, meşələrinin və çaylarının parlaq rəngləri onu bir rəssam və şair kimi çox ruhlandırıb. O, öz əsərlərini yerli adət-ənənələrin koloriti ilə zənginləşdirib. Hətta onun qəhrəmanlarının çoxu Azərbaycan, Gürcüstan, Çeçenistan və Dağıstanın həqiqi sakinləri olub. O, həm də bizə mədəni müxtəlifliyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərib.

Azərbaycanda böyük rus mədəniyyətinə və ədəbiyyatına həmişə dərin məhəbbət və ehtiramla yanaşıblar. Bu günün özündə ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı mövcuddur. Əlbəttə, biz Lermontovun Azərbaycan dilini öyrənməsi ilə çox qürur duyuruq. Hətta onun özü qeyd edirdi ki, fransız dili Avropa üçün əhəmiyyətli olduğu qədər Azərbaycan dili də Asiya üçün əhəmiyyətlidir.

Böyük maarifçi, filosof və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə Lermontovun müəllimi olub. Onları həm mehriban və səmimi dostluq, həm də böyük Puşkinin istedadına hədsiz məhəbbət və ehtiram hissi bağlayıb. Zənnimcə, bu, Azərbaycan ilə Rusiyanı birləşdirən köklərin nə qədər qədim və dərin olduğunu bir daha vurğulayır. Həmişə olduğu kimi, bu gün də Azərbaycanda Lermontovu çox sevirlər. Bakıda mərkəzi küçələrdən biri onun adını daşıyır, Qusar şəhərində isə Lermontov muzeyi fəaliyyət göstərir. Bu, şairin qaldığı həmin evdir.

Əziz dostlar, bu gün biz Mixail Yuriyeviç Lermontovun anadan olmasının 200 illiyini qeyd edirik. Şəxsən mənim üçün o, daim yaşayır. O, bütün dünyada insanların qəlbində yaşayır. O, yaşlıların və uşaqların ürəyində yaşayır. Siz artıq Azərbaycanın ən gənc rəssamlarının hazırladığı gözəl sərgi ilə tanış olmuşsunuz. Bu gün şairin yubileyini qeyd edən Azərbaycan ona ehtiramını nümayiş etdirir, məhəbbətini bəxş edir.

Diqqətinizə görə hamınıza təşəkkür edirəm və hamınıza gözəl gecə arzulayıram. 

Sağ olun.

Sonra “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail LERMONTOV çıxış edərək ailəsi adından minnətdarlığını bildirdi. O, qeyd etdi ki, ilk dəfədir Rusiyadan kənarda görkəmli rus şairinin 200 illik yubileyi ilə bağlı bu cür yüksək səviyyədə tədbir keçirilir.

Şairin yaddaqalan əsərlərinin Qafqazda ərsəyə gəldiyini deyən Mixail Lermontov vurğuladı ki, Azərbaycanda şairin yaradıcılığına bəslənilən hörmətdən çox məmnundur. O, tədbirin təşəbbüskarları və təşkilatçılarına minnətdarlığını ifadə etdi.

Daha sonra tədbirin bədii hissəsi başladı. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət xor kapellasının müşayiəti ilə Azərbaycan və Rusiyanın mədəniyyət, incəsənət xadimlərinin ifasında şairin yaradıcılığı ilə bağlı əsərlər, filmlərdən fraqmentlər və şeirlər səsləndi. Tədbirin sonunda Lermontovun “Mələk” əsərinin dünya premyerası oldu.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edən tanınmış incəsənət xadimləri Pyer Şeremetyev, Huquet Şeremetyeva və Kolett Tolstoyla görüşdü. Onlar Azərbaycanın birinci xanımına Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirildiyinə görə minnətdarlıqlarını ifadə etdilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi