Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Almaniyanın Drezden şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Almaniyanın Drezden şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib Məşhur “Albertinum” muzeyində keçirilən tədbirin iştirakçıları Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləyiblər
Mədəniyyət siyasəti
9 Dekabr , 2014 10:23
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Almaniyanın Drezden şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində növbəti tədbir təşkil olunub. "Report" Fondun saytına istinadən xəbər verir ki, Drezdenin məşhur “Albertinum” muzeyində keçirilən tədbirin iştirakçıları Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləyiblər.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov mədəniyyət axşamının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirildiyini vurğulayıb. Diplomat Azərbaycanda gedən inkişaf proseslərindən, Azərbaycan-Almaniya münasibətlərinin tarixi kökləri və hazırkı vəziyyətindən danışıb. O, Azərbaycan xalqının musiqi beşiyi sayılan Qarabağın və ətraf rayonların Ermənistanın işğalı altında olduğunu da xatırladıb.

Tədbirin aparıcısı isə Azərbaycanda mövcud olan alman irsi, Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə mədəni irsin qorunub saxlanılması, mədəniyyət münasibətlərinin təşviqi və gənclərin təhsil almaq imkanlarının yaxşılaşdırılması məqsədilə gördüyü işlərdən söz açıb.

Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri olan, Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Maria Auxun yaxından iştirakı ilə hazırlanmış “Azərbaycanda alman irsi” kitabı da təqdim edilib. Tədbir çərçivəsində “Azərbaycanda alman izləri” adlı fotosərgi və “Almaniya bir rəssamın gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə Drezden Şəhər Bələdiyyəsinin üzvləri, Saksoniya torpağı parlamentinin deputatları, Drezden Filarmoniyasının direktoru Anselm Roze, Drezden Muzeylər Birliyinin direktoru Qizbert Porstman, şəhərin Sənaye və Ticarət Palatasının idarə heyətinin üzvü Helmut Qolts, Drezden Rəssamlıq Akademiyasının rektoru Matias Flüqe, Drezden Dövlət Muzeyinin direktoru Erika Eşebax, Drezden Operasının direktorluğunun üzvü Solvayq Ekert, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri, habelə Saksoniya torpağının müsəlman, pravoslav və yəhudi dini icmalarının rəhbərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi