Yuxarı

Xalq artisti Habil Əliyev vəfat edib

Bu barədə Reporta xalq artistinin ailə üzvləri məlumat verib.

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Habil Əliyev vəfat edib. Bu barədə "Report"a xalq artistinin ailə üzvləri məlumat veriblər.

"Artıq yarım saatdır babam rəhmətə gedib. Bütün yaxınları onun yanındadır", - deyə nəvəsi Bəhruz Məmmədov bildirib.

Xatırladaq ki, ağciyər və ürək çatışmazlığından əziyyət çəkən Habil Əliyev sentyabrın 2-dən 3-nə keçən gecə komaya düşmüşdü.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.

H. Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verib.

Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi