Yuxarı
    Bağlamaq

    Gürcüstanda Xudu Borçalının abidəsi qoyulacaq

    Gürcüstanın Milli qəhrəmanı, azərbaycanlı cəsur sərkərdə Xudu Borçalı haqqında yazılan kitabın təqdimatı keçirilib© Report.az

    Tbilisi. 7 noyabr. REPORT.AZ/ Bu gün Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanın Milli qəhrəmanı, azərbaycanlı cəsur sərkərdə Xudu Borçalı haqqında yazılan kitabın təqdimatı keçirilib.

    "Report"un Gürücstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı və gürcü ziyalılar, elm və mədəniyyət xadimləri iştirak ediblər.

    Muzeyin direktoru Əliyeva Leyla Azərbaycan və gürcü xalqları arasındakı qədim dostluq və qardaşlıq əlaqələrindən danışıb, bu ölkədə yaşayıb yaratmış, Gürcüstanın azadlığı uğrunda döyüşmüş azərbaycanlılar haqqında yazılan kitabların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev çıxışında qonşu Azərbaycan və gürcü xalqlarının oxşar taleləri, mədəniyyətləri və milli azadlıq uğrundakı mübarizələri haqqında danışıb. O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin siyasi, iqtisadi, mədəni həyatında, şanlı tarixində silinməz iz buraxıblar.

    Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Gürcüstan Mədəniyyət nazirinin müşaviri Giorgi Gegeçkori, ziyalılardan Qəhrəman Musayev, Hidayət Hüseynli, Emin Elsevər, Ramiz Bəkirov çıxış edib, Xudu Borçalı haqqında fikirlərini bölüşüblər. Bu cür kitabların Gürcüstandakı azərbaycanlılar haqqında tutarlı tarixi mənbə olduğu bildirilib.
    Kitabın müəllifi Veysəl Xudiyev kitabın təqdimatının təşkilatçılarına minnətdarlıq edib.
    Çıxışlarda bildirilib ki, gələn il Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları və ya paytaxt Tbilisidə Xudu Borçalının abidəsi qoyulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi