Gürcüstanda Azərbaycan incəsənəti məktəbi və kitab evi açıla bilər

Gürcüstanda Azərbaycan incəsənəti məktəbi və kitab evi açıla bilər “Hər il Azərbaycanda dövlət sifarişi əsasında nəşr olunan kitabların bir qisminin Gürcüstana göndərilməsi məsələsi nəzərdən keçiriləcək. Bunun üçün bu ölkədəki kitabxanalarla bağlı təhlil aparılmalıdır”.
Mədəniyyət siyasəti
8 İyul , 2021 13:54
Gürcüstanda Azərbaycan incəsənəti məktəbi və kitab evi açıla bilər

“Hər il Azərbaycanda dövlət sifarişi əsasında nəşr olunan kitabların bir qisminin Gürcüstana göndərilməsi məsələsi nəzərdən keçiriləcək. Bunun üçün bu ölkədəki kitabxanalarla bağlı təhlil aparılmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Tbilisidə azərbaycanlı icmanın üzvləri ilə görüşdə soydaşlarımızın ana dilində bədii kitabların çatışmazlığı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Nazir deyib ki, soydaşlarımız gürcü dilini öyrənməli və Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiya etməlidirlər, lakin ana dilini unutmamalıdırlar: “Azərbaycan dilinin ölkə hüdudlarından kənarda da öyrənilməsi və inkişaf etdirilməsi dövlətimizin strateji istiqamətlərindən biridir. Ana dili assemilyasiyadan qoruyan amildir”.

O həmçinin qeyd edib ki, Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgədə Azərbaycan Kitab Evinin yaradılması imkanları araşdırıla bilər: “Bu, icma üzvlərinə azərbaycandilli kitabları yerində əldə etmək imkanı verəcək”.

A.Kərimov gələcəkdə Gürcüstanda Azərbaycan incəsənəti məktəbinin yaradılmasının mümkün olduğunu da qeyd edib: “Azərbaycan rəqsləri, xalçaçılıq, muğam dərslərinin tədris olunacağı təhsil ocağı Gürcüstan hökuməti ilə birgə əməkdaşlıqla təsis oluna bilər”.

Nazir Gürcüstanın azərbaycanlı rəssamlarının Bakıda sərgisinin təşkili təklifinə də münasibət açıqlayıb: “Rəssamlara ən gözəl dəstək onların sərgisinin keçirilməsidir. Sərginin Bakıda sərgi salonlarından birində təşkilinə dəstək verməyə hazırıq”.

Son xəbərlər

Orphus sistemi