Görkəmli rəssamın 100 illik yubileyinə həsr olunan sərgisi keçiriləcək

Görkəmli rəssamın 100 illik yubileyinə həsr olunan sərgisi keçiriləcək Sərgi oktyabrın 25-dən 29-dək davam edəcək
Mədəniyyət siyasəti
17 Oktyabr , 2016 16:03
Görkəmli rəssamın 100 illik yubileyinə həsr olunan sərgisi keçiriləcək

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyində əməkdar incəsənət xadimi, görkəmli rəssam Əyyub Hüseynovun 100 illiyinə həsr olunan yubiley sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sərginin açılış mərasimi oktyabrın 25-i saat 17:00-da olacaq.

Sərgi oktyabrın 29-dək davam edəcək. 

Ə.Hüseynov 1916-cı il sentyabr ayının 3-də Naxçıvanda anadan olub. 1930-cu ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1935-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. Bir müddət Naxçıvan Dövlət Dram Teatrında tamaşalara səhnə tərtibatı verib, eskizlər hazırlayıb. 1948-ci ildə Bakıya gələrək, Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətə başlayıb, sonra həmin təhsil ocağında doqquz il direktor vəzifəsində çalışıb. Rəssam ömrünün əlli ilini gənc rəssamlar nəslinin yetişməsinə sərf edib və bu sahədə əvəzsiz xidmətlər göstərib.

Pedaqoji fəaliyyəti ilə yanaşı Ə.Hüseynov daim mənzərə, portret, məişət janrlarına müraciət edib, müxtəlif mövzularda rəngarəng tablolar və özünəməxsus bədii xüsusiyyətləri ilə seçilən üslub yaradıb.

Ə.Hüseynov 1980-ci ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1998-ci il aprelin 17-də dünyasını dəyişən rəssam öz ömrünü, bacarığını Azərbaycanın tərəqqisinə, tanınmasına və incəsənətin inkişafına, milli-tarixi mövzuların təbliğinə və milli xarakterə malik, dolğun azərbaycanlı obrazlarının yaradılmasına sərf edib.

Sonuncu sərgisi 2006-cı il noyabrın 22-də rəssamın 90 illik yubileyi münasibəti ilə Bakıda S.Bəhlulzadə adına sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub, rəssamın həyat və yaradıcılığından bəhs edən kitab çap edilib.

Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərlər nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi