Gənclərin III Ümumrespublika Teatr Festivalının qalibləri açıqlanıb

Gənclərin III Ümumrespublika Teatr Festivalının qalibləri açıqlanıb Festival çərçivəsində 12 tamaşa hazırlanıb
Mədəniyyət siyasəti
4 Aprel , 2015 12:36
Gənclərin III Ümumrespublika Teatr Festivalının qalibləri açıqlanıb

Bakı. 04 aprel. REPORT.AZ/Azərbaycan Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, ASSİTEJ – Azərbaycanın dəstək verdiyi Gənclərin III Ümumrespublika Teatr Festivalı başa çatıb. "Report" xəbər verir ki, Dövlət Gənc Tamaşaçılar Teatrında qaliblərin adları açıqlanıb və mükafatlandırma mərasimi baş tutub.

Teatr festivalı bəşəriyyət üçün böyük faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizəyə həsr olunduğundan, sloqan da NARKOSTOP seçilib. Festival çərçivəsində Bakını və 4 regionumuzu (Naxçıvan MR, Ucar, İmişli, Şamaxı) təmsil edən 12 tamaşa hazırlanıb. Qran – Pri mükafatına Gülnarə Əhmədli "Həyatımı qaraldan ağ" tamaşası ilə layiq görülüb. II və III yerlərə isə Qorqud Cəfər "Ruhun qəfəsi", Elçin Aslangil "Gözlərini yummaq" tamaşası ilə layiq görülüb.

Festivalın "Ən yaxşı akytor" nominasiyasının qalibi Qorqud Cəfər, "Ən yaxşı aktrisa" nominasiyasının qalibi isə Naxçıvan Dövlət Universitetinin Tələbə-gənclər studiyasını təmsil edən Nurbəniz Niftəliyeva olub. Həvəsləndirici mükafatı festivalın ən gənc rejissoru - 15 yaşlı Ayla Qasımzadə "Görünməz adam" tamaşası ilə qazanıb. "Ən yaxşı ssenari" nominasiyası üzrə "Nurəngiz Gün adına Ədəbi Mükafatın"sahibi Elçin Aslangil olub. Qaliblərə kubok, fəxri diplom, pul mükafatı təqdim olunub. Sonda səhnə gənclərin ixtiyarına verilib. İştirakçılar alqış sədaları altında reper Dassen Ayazın xüsusi olaraq, festivala himn kimi yazdığı "Narkostop" mahnısı səsləndirib.

Qeyd edək ki, festival Millət vəkili Jalə Əliyevanın rəhbərliyi ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi