"Əsrlərin yaddaşı" layihəsinin təqdimatı keçirilib

"Əsrlərin yaddaşı" layihəsinin təqdimatı keçirilib Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb
Mədəniyyət siyasəti
4 İyun , 2015 16:38
Əsrlərin yaddaşı layihəsinin təqdimatı keçirilib

Bakı. 4 iyun. REPORT.AZ/ "Əsrlərin yaddaşı" layihəsinin təqdimat mərasimi keçirilib. "Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin hazırladığı layihə "Bakı 2015" I Avropa Oyunları ərəfəsində Azərbaycanın milli geyimlərinin təbliğinə həsr olunub. 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun Muğam Klubunda keçirilən təqdimat mərasimində "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov və başqaları iştirak ediblər. Təqdimat mərasimi videoçarxın nümayişi ilə başlayıb.

G.Teymurova bildirib ki, layihənin keçirilməsində məqsəd "Bakı 2015" I Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin, xalq sənətinin növlərindən olan xalçaçılıq, zərgərlik, kəlağayı kimi milli tarixi və mədəni dəyərlərinin real və virtual aləmdə təbliğidir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov jurnalistlərə açıqlamasında bildirib ki, layihənin məqsədi Azərbaycan vətəndaşlarının tarixi, mədəni və mənəvi dəyərlərə bağlılığının artırılmasıdır: "İnsanlarda yüksək vətəndaş keyfiyyətlərinin formalaşdırılması, Azərbaycanın milli-mədəni dəyərlərinin qorunması və təbliğ olunmasının əhəmiyyətini xarici qonaqlara çatdırmaq mühüm vəzifədir. Hesab edirəm ki, layihə çərçivəsində görülən işlər bu istiqamətdə atılan vacib addım olacaq".

Layihə çərçivəsində çəkilmiş promovideoda Azərbaycanın milli geyimləri, xalçası, kəlağayısı, zinət əşyaları, suvenir kuklaları və şirniyyatı arasında olan əlaqələr, onları incə tellərlə biri-birinə hörən bağlar təsvir edilib. 

Təqdimat mərasimində Uşaq Filarmoniyasının şagirdləri Azərbaycanın millli rəqslərini nümayiş etdiriblər.

Sonra beynəlxalq muğam və caz festivallarının laureatı, tarzən Arslan Növrəslinin ifasında caz-muğam kompozisiyaları ifa olunub.

Son xəbərlər

Orphus sistemi